Türkiyədəki yarışın təqvimi bəllidi
Payızda Yaponiyada keçiriləcək dünya çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət yığmamız dünən Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışını başa vurub. Millimiz bu gün axşam saatlarında vətənə dönəcək. Faiq Qarayevin yetirmələrinin Xorvatiya ilə yoxlama oyununda 3:0 hesabıyla qalib gəldiyini xəbər vermişdik. Voleybolçularımız daha iki görüşdə qüvvəsini sınayıb. Sloveniya ilə bərabərə (2:2) qalan yığmamız gözlənilmədən Finlandiyaya uduzub – 2:3.
Millimiz vətəndə bir neçə gün keçirəcək. Bu günlər ərzində Dərnəgül Voleybol Mərkəzində Bolqarıstanla 2-3 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Daha sonra isə Türkiyəyə səfər nəzərdə tutulub. Belə ki, Antalyada təşkil olunacaq “Gloria Cup”da Qarayevin yetirmələri də mübarizə aparacaq. Heyətdə Ceyran İmanova, Yana Əzimova, Anastasiya Qurbanova, Mariya Kirilyuk, Odina Əliyeva, Ayşən Abdüləzimova, Alyona Həsənova, Yelizaveta Səmədova, Natalya Məmmədova, Yana Kulan, Yekaterina Jidkova, Valeriya Məmmədova, Kristina Yaqubova, Aynur İmanova, Yuliya Kərimova, Polina Rəhimova, Şəfaqət Alışanova, Bəyaz Əliyeva, Marqarita Əzizova, Kseniya Pavlenko və Anastasiya Bessonovanın yer alacağı gözlənilir. Artıq turnirin təqvimi də məlumdu:
23 avqust
17.30 Rusiya - İtaliya
20.00 Türkiyə - Azərbaycan
24 avqust
17.30 İtaliya - Azərbaycan
20.00 Türkiyə - Rusiya
25 avqust
17.30 Azərbaycan - Rusiya
20.00 Türkiyə - İtaliya