“Finişə 5 metr qalmış əllərimi yuxarı qaldırmasaydım, rekord gələrdi”
Almaniyanın paytaxtı Berlində keçirilən Avropa çempionatı Ramil Quliyev üçün əlamətdar oldu. Ötən il Böyük Britaniyanın paytaxtı Londonda 200 metr məsafəyə qaçışda dünya çempionu olmaqla həm Türkiyəni, həm də Azərbaycanı qürurlandıran sprinter bu dəfə 19,76 saniyəyə eyni məsafəni qət etməklə Avropa çempionu oldu. Maraq üçün iki il əvvəl keçirilən analoji yarışda gümüş medal qazandığını nəzərinizə çatdıraq. 19,76 saniyə 200 metr qaçışda həm Quliyevin, həm də Türkiyənin rekordudu. Ramil daha bir Türkiyə rekordunun yenilənməsində böyük pay sahibi oldu. 400 metr estafet qaçışının son 100 metrində məharətini göstərən soydaşımız komandasıyla birgə gümüş medalın sevincini yaşadı. Qaçışın bu növündə qeydə alınan 37,98 saniyə də yeni Türkiyə rekordudu. Qardaş ölkədə az qala qəhrəmana çevrilən Quliyev Berlin uğurundan və gələcək hədəflərindən danışıb: “Berlindəki qaçış cığırının mənim üçün ayrı yeri var. 2009-da məhz orda keçirilən dünya çempionatında Useyn Bolt 100 metr qaçışda dünya rekorduna imza atmışdı. Həmin mundialda 200 metr qaçışda isə onunla birgə (Azərbaycan bayrağı altında – S.) finalda mübarizə aparmış və 7-ci yeri tutmuşdum. O zaman Boltla başqa atletlər arasında böyük fərq var idi. Olimpiya stadionunun cığırı əladı. Yenidən Berlində yarışmaq sevindiriciydi. Avropa rekordunu yeniləməyə cəmi 4 salisə çatmadı. Əslində rekordu qıra bilərdim. Finişə 5 metr qalmış əllərimi yuxarı qaldırmasaydım, rekord gələrdi. Ancaq hər şey bir anda olmaz. Əllərimi qaldırdığım üçün peşman deyiləm. Həmin vaxt həyəcandan, sevincdən irəli gələn hərəkət idi. Prezident Rəcəb Tayyip Ərdoğan telefonla danışanda məndən olimpiya medalı üçün söz aldı və təşəkkür etdi. İdmançıları izlədiyinə görə məmnunam. Bu həqiqətən bizim üçün böyük motivasiya olur. Mənə daha yaxşı sprinter olmağım üçün Amerikaya yollanmalı olduğumu söyləyirlər. Mən isə əksər vaxt Türkiyədə hazırlıq keçirəm. Qışda Antalya təlim-məşq toplanışı baş tutur. Estafet qaçışını yaxşı keçdik. Finişə daha 20-30 metr olsaydı, birinci yeri də tuta bilərdik. Bu il daha üç yarışda iştirak edəcəm. Çalışacam ki, həmin turnirlərdə Avropa rekordunu yeniləyim. Sözsüz, növbəti hədəf Olimpiadada medal qazanmaqdı. Söz verirəm ki, bunun üçün əlimdən gələn hər şeyi edəcəm. Çox çalışacam. Onsuz da çox məşq edirəm. Bunu ikiqata çatdıracam. Olimpiada medalı yaxındı. Sadəcə, onu almaq lazımdı. Çox istərdim ki, gələcəkdə Olimpiya Oyunları Türkiyədə keçirilsin və həmin yarışda qalib gəlim”.