"Səbəb psixoloji vəziyyətimizlə bağlı deyil"
“Neftçi” 2018/19 mövsümünə qələbə ilə start verdi. “Ağ-qaralar” ilk tur çərrçivəsində Mərdəkanda, nominal qonaq qismində "Sumqayıt”la qarşılaşdı və iki cavabsız qolla qalib gəldi. Paytaxt klubunun heyətində Mirabdulla Abbasovla Emin Mahmudov fərqləndi. Hər iki qolun ötürməsini isə Tural Axundov verdi. Ümumiyyətlə, həmin oyunda flaqmanın ən fəal oyunçularından biri Tural idi. İki məhsuldar ötürmə ilə nəticədə önəmli rol oynayan müdafiəçi klubun rəsmi saytına müsahibə verib. O həm sabiq komandası ilə oyundan danışıb, həm də növbəti turda keçiriləcək "Qəbələ” ilə qarşılaşmaya toxunub. Axundov matçın "Dalğa Arena”da baş tutacağına baxmayaraq, azarkeşlərin komandanı həmişəki kimi dəstəkləyəcəyinə inandığını bildirib.
- "Sumqayıt”la oyundan sonra iki gün istirahət etdiz. Artıq növbəti matça hazırlaşırsız. Əvvəlcə şənbə günü keçirilən görüşü yada salaq. Həmin qarşılaşma haqda nə deyə bilərsən?
- Oyun bizim üçün çətin alınsa da, əsas qələbə qazanmaq idi. Şadam ki, buna nail olduq.
- Düzdü, “Neftçi” üç xal qazana bildi. Amma komandanın göstərdiyi oyun heç də birmənalı təsir bağışlamadı.
- Razıyam. Bunu həm biz futbolçular, həm də məşqçi deyir. Fikrimcə, səbəb psixoloji vəziyyətimizlə bağlı deyil. Ola bilsin, kimdəsə start həyəcanı oldu. Yenə deyirəm, əsas odu ki, məqsədimizə çatıb 3 xalı əldə etdik. Oyunumuzu getdikcə yaxşılaşdıracağıq.
- “Sumqayıt”la görüşdə iki fərqli mövqedə çıxış etdin. Matça müdafiənin sağ cinahında başlasan da, sonradan dayaq yarımmüdafiəçi kimi mübarizə apardın. Hansı mövqe sənin üçün daha rahatdı?
- Təbii ki, cinahda oynamaq daha rahatdı. Amma müasir futbolda hər bir futbolçu istənilən mövqedə oynamağa hazır olmalıdı. Zəmanə bunu tələb edir.
- Hesabına iki məhsuldar ötürmə yazdırdın...
- Bəli, karyeramda ilk dəfə bir oyunda iki qol ötürməsi verdim. Əla hissdi. Hər futbolçu qol vurmaq istəsə də, həlledici ötürməni verməyin xüsusi ləzzəti var.
- Növbəti turda “Neftçi” "Qəbələ”ylə qarşılaşacaq. Bu oyundan nə gözləyirsiz?
- Meydana qələbə üçün çıxacağıq. Premyer-liqanın yeni mövsümündə ilk ev oyunumuz olacaq. Düzdü, görüşün "Bakcell Arena”da yox, Mərdəkanda – "Dalğa Arena”da keçiriləcəyi bəlkə də azarkeşlərin sayına mənfi təsir edəcək. Bununla belə, inanıram ki, azarkeşlərimiz bizi həmişəki kimi dəstəkləyəcək. Biz onlara, onlar isə bizə inanmalıdı.
FARİZ hazırladı