Premyer-liqanın 2-ci turunda “Zirə” “Keşlə”ni qəbul edəcək. Oyun avqustun 18-də baş tutacaq. Əvvəlcədən bu oyunun “Dalğa Arena”da keçirilməsi planlaşdırılmışdı. Ancaq deyəsən, qarşılaşmanın məkanı dəyişdiriləcək. “Qartallar”ın mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadədən aldığımız bilgiyə görə, qəsəbə təmsilçisi hazırda stadion axtarışındadı. Səbəb isə “Dalğa Arena” rəhbərliyinin iki gün ardıcıl oyun qəbul etmək istəməməsidi. Belə ki, avqustun 19-da “Neftçi” də adı çəkilən stadionda “Qəbələ”ni sınağa çəkəcək. Qazonun korlanacağından ehtiyatlanan “Dalğa Arena” rəhbərliyi “Zirə”yə oyunun bir gün əvvələ çəkiləcəyi halda icazə verə biləcəyini söyləyib. Qəsəbə təmsilçisi isə “Keşlə”yə müraciət etsə də, “yox” cavabı alıb.
FARİZ
P.S. Günün sonunda əldə etdiyimiz məlumata görə, “Zirə” rəqiblərini “AZAL Arena”da qəbul edəcək.