İran çempionatında 3-cü tur geridə qalıb. Tehranın “Azadi” stadionunda “Traktorsazi” prinspial rəqibi “İstiqlal”la münasibətləri aydınlaşdırıb. “Qurdlar” Con Benjamin Toşakın rəhbərliyi altında keçirdiyi 3-cü rəsmi oyunda da qələbəyə həsrət qalıb. Təbrizlilər müdafiədəki kobud səhvlər fonunda darmadağınla üzləşib – 0:3. Hesab 8-ci dəqiqədə avtoqolla açılıb. Əli Abdullahzadə qapıları səhv salıb. 20 dəqiqə sonra Morteza Təbrizi həmşəhərlilərini məyus edib. Son nöqtəni isə 51-ci dəqiqədə Farşid İsmayili qoyub. “Göstəriş Fulad” bu tur da heç-heçə edib. “Poladçılar” Təbrizdə “Sepidrud”un müqavimətini qıra bilməyib – 1:1. Hesabı 8-ci dəqiqədə qonaqlar açıb. “Maşınsazi”nin sabiq üzvü Hüseyn İbrahimi penaltini dəqiq yerinə yetirib. İlk hissənin son dəqiqəsində isə Mohsen Yusifi “status-kvo”nu bərpa edib. Fasilədən sonra qol vurulmayıb. Maraqlıdı ki, Təbriz klubunun əvvəlki iki matçında da 1:1 hesabı qeydə alınmışdı.
“Göstəriş Fulad” 3 xalla ilk “10-luğ”u qapayır. Həmşəhərlilərindən bir xal geri qalan “Traktorsazi” isə 15-ci pillədə qərarlaşıb. Növbəti turda “qurdlar” “Səhənd” stadionunda “Saypa”nı qəbul edəcəksə, “poladçılar” “Peykan” səfərinə yollanacaq.
SƏRXAN