Əvvəldən nəzərdə tutulan plana görə Bakı vaxtı ilə 18.45-də Qurban Qurbanovun mətbuat konfransı başlamalıydı. 19.00-da isə “Borisov Arena”nın əsas meydanında oyunöncəsi son məşq. Lakin baş məşqçi buna ehtiyac duymayıb.
Bakıdan birbaşa Minskə yollanan və paytaxtda məskunlaşan “Qarabağ”ın çalışdırıcısı 70 km-lik məsafədə yerləşən Borisova gedib-qayıtmağı əlavə vaxt itkisi və yorğunluq sayıb. Belədə həlledici matçdan əvvəlki məşq Minskdəki “Olimpiyski” İdman-Sağlamlıq Kompleksinin meydanında baş tutub. Saat 20.10-da başlayan hazırlıq prosesi təxminən 50 dəqiqə davam edib. Bu gün səhər saatlarında isə yenə həmin qazonun üzərində yarımsaatlıq yüngül çalışma keçirilməlidi. Günortadan sonra Minski tərk edəcək kollektiv üzvləri matçın başlamasına 2 saat qalmış Borisova çatacaq.
Qurbanov Baqadan fərqli, görüşlə bağlı geniş danışmasa da, hər halda, oyunla bağlı fikirlərini dilə gətirib: “Daha öncə BATE-nin çox yaxşı komanda olduğunu bildirmişdim. Bakıdakı ilk oyun çox çətin oldu, sabah bundan da ağır oyun bizi gözləyir. İndiki məqamda nə qədər çətin olsa da, başqa çıxış yolumuz yoxdu. Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq".
HƏBİB