Klublar PFL-dən əlavə bir həftə vaxt istədi
Uzun müzakirələrdən sonra, nəhayət, dünən yeni mövsüm üçün birinci divizionun püşaktaması keçirildi. AFFA-nın inzaibati binasında baş tutan tədbirdə 13 komandanın nümyəndələri – Elnur Camalxanov (Kəpəz), Elçin Dərgahquliyev (Qaradağ Lökbatan), Anar Vəliyev (Şüvəlan), Azər Bağırov (MOİK), Eltay Aslanov (Turan Tovuz), Rəşad Kərimov (Ağsu), Fərəc Əliyev (Səbail-2), Kamen Vasilyev (Zirə-2), Şaiq Həsənov (Qarabağ-2), Rüstəm Əliyev (Keşlə-2), Elbrus Məmmədov (Sumqayıt-2), Qədir Həsənov (Neftçi-2) və Aleksey Barvinski (Sabah-2) iştirak edirdilər. “Zaqatala”nın adını dəqiqləşdirə bilmədiyimiz təmsilçisi isə püşakatmaya bir qədər gecikməklə yadda qaldı.
PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev qonaqları salamladıqdan sonra sözü qurumun prezidenti Ramin Musayevə verdi. Musayev də hər kəsi salamladıqdan sonra birinci dəstədə 2018/19 “futbol ili” ilə bağlı fikirlərini bölüşdü: “Yeni mövsümdə iştirakçı komandalara uğurlar arzulayıram. Birinci divizionla bağlı bir sıra müzakirələr oldu, müəyyən tərəddüdlər var idi. Yekunda qərar verdik ki, çempionat 14 komandanın iştirakı ilə keçirilsin. Keçən il çıxışımda demişdim ki, hansı komanda başqa yollara əl atarsa, cəzalanacaq. Çünki bizə idman mübarizəsi lazımdı. Ötən il AFFA prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, söz-söhbətlər varsa, sübuta ehtiyac yoxdu. Çünki od olmayan yerdən tüstü çıxmaz. O ki qaldı limit məsələsinə, özünüz düşünün, vaxtilə 7-10 min pul alan futbolçu xeyir ola 500 manata divizionda oynamağa razı olsun? Deməli, burda başqa məqamlar var. Limitin faydasını görəcəyik.
Çox təəssüf ki, ötən il beynəlxalq futbol qurumlarından bir sıra məktublar aldıq. Bu isə xoş hal deyil. Odu ki, müvafiq qərarlar qəbul etdik. Müəyyən müzakirələrdən sonra yeni limit tətbiq edildi. Limit dəyişikliyindən sonra birinci il ola bilər ki, çempionatın səviyyəsi yüksək olmasın. Amma zaman keçdikcə yeniliklərin faydasını görəcəyik. Məqsədimiz yerli gənc oyunçuların inkişafına nail olmaqdı”.
Ramin bəy yeni mövsümün reqlamenti barədə də danışdı: “Oyunlar zamanı 5 əvəzetməyə icazə veriləcək. Premyer- liqadakı futbolçular ikinci komandada da oynaya biləcək.
Komandaların maliyyə durumunu nəzərə alıb, çempionatın 2 dövrədən ibarət olmasına qərar verdik”.
PFL prezidenti çıxışını bitirəndən sonra klub nümayəndələrindən kimin sözünün olduğunu soruşdu. “Qaradağ Lökbatan”ın təmsilçisi Elçin Dərgahquliyev divizion təmsilçilərinin heyəti tam komplektləşdirə bilməməsi səbəbindən komandalara əlavə bir həftə vaxt verilməsini xahiş etdi: “Mümkündüsə, birinci dəstədə çempionat gələn həftə yox, bir qədər gec başlasın, çünki limitlə bağlı heyəti tam komplektləşdirə bilməmişik. Eyni problem başqa divizion təmsilçilərində də yaşanır. Öz aramızda bu haqda söhbət etmişik”.
Püşkatmada iştirak edən birinci dəstə klublarının nümayəndələri də Dərgahquliyevin söylədiklərini təsdiqlədilər. Bundan sonra qərara alındı ki, divizionda ilk turun oyunları avqustun 23-24-nə təyin olunsun. Musayev onu da bildirdi ki, aşağı dəstənin əksər matçlarından canlı yayın təşkil etmək barədə düşünürlər. Ramin bəy həmçinin əlavə etdi ki, əvəzedici komandalar ölkə kubokunda iştirak edə bilməzlər.
Bundan sonra püşkatma keçirildi. İlk turda bu cütlər üz-üzə gələcək:
23-24 avqust
“Zaqatala” – “Keşlə-2”
“Qaradağ Lökbatan” – “Neftçi-2”
“Sabah-2” – MOİK
“Kəpəz” – “Qarabağ-2”
“Turan Tovuz” – “Ağsu”
“Zirə-2” – “Səbail-2”
“Şüvəlan” – “Sumqayıt-2”
Mövsümün tam təqvimi isə gələn həftə ictimaiyyətə açıqlanacaq.
RƏŞAD