“Məncə, 4 oyun bir az çox oldu”
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanovun və futbolçusu Təmkin Xəlilzadənin UEFA tərəfindən cəzalandırıldığını ötən saylarımızın birində xəbər vermişdik. Xatırladaq ki, Avropa Liqasının birinci mərhələsində Lüksemburqda “Proqres”lə keçirilən matçda Sənan bəy texniki zonanı icazəsiz tərk etdiyinə görə 2, Təmkin isə rəqib oyunçunu vurduğuna görə 4 avrokubok matçını kənardan izləməli olacaq.
Dünən Təmkinlə əlaqə saxlayıb, qitə futbol qurumunun ona verdiyi cəza ilə bağlı fikirlərini öyrəndik: "UEFA-nın qərarını eşidəndə özümə də təəccüblü gəldi. Açığı, birbaşa qırmızı vərəqə olduğuna görə 2, maksimum 3 oyun cəza gözləyirdim. Məncə, 4 oyun bir az çox oldu. Amma artıq qərar verilib. Bununla barışmalıyıq. Fikrimcə, apellyasiya şikayəti verilməyəcək. Klub rəsmilərindən Səbuhi müəllimin mətbuata açıqlamasını oxudum. Orda deyib ki, artıq qərarı almışıq və şikayət etmək fikrimiz yoxdu. Düzü, etdiyim hərəkətə görə çox peşmanam. Çünki 4 oyun doğrudan da çoxdu. 2 oyun olsaydı, hardasa başa düşmək olardı. Belədə "Qəbələ"nin növbəti mövsüm avrokuboklarda iki mərhələ keçməsini gözləmək məcburiyyətindəyəm. Ancaq 3-cü mərhələdə komandama kömək edə biləcəm”. RƏŞAD