Ufuk Budak rəsmən "Boluspor"da
Maldiv adalarının baş məşqçisi Petar Şeqrt yığmamızla yoxlama oyunu keçirmək istəyir. Xorvat mütəxəssis Cənubi Asiya çempionatı ərəfəsində komandasının potensialına bələd olmaq üçün belə bir matçın baş tutmasını arzulayır. Qeyd edək ki, FİFA-nın son reytinq sıralamasında Azərbaycan 105-ci, Maldiv adaları isə 150-ci pillədə qərarlaşıb. 2008-ci ildə Gürcüstan yığmasının “sükanı arxasında” olmuş 52 yaşlı mütəxəssis fikirlərini belə izah edib: “Planlarımız genişdi. Sentyabrda start götürəcək Cənubi Asiya birinciliyindən uğurlu nəticə gözləyirəm. Azı yarımfinaladək irəliləməyi düşünürük. Tarix ərzində heç vaxt Avropa təmsilçisinə qarşı oynamamışıq. Belə bir matç komandamın real durumuna qiymət vermək üçün əla fürsət olardı. Böyük futbol ölkələrini nəzərdə tutmuram. Bizə münasib rəqib qismində Azərbaycanı göstərərdim”.
Bu arada yığmamızın üzvü Ufuk Budakın Türkiyə "Boluspor"una transferi rəsmiləşib. 1-ci liqa təmsilçisi 28 yaşlı müdafiəçi ilə ikiillik müqavilə imzaladığını açıqlayıb. Klub prezidenti Necip Çarıkçı imzalanma mərasimindən sonra ilk transferlərinin Ufuk olduğunu, onun müdafiənin sol cinahında oynadığını qeyd edib. Budak isə öz növbəsində bu transferdə əməyi keçən hər kəsə təşəkkür edib: "Bir həftəyə yaxındı burdayam. Çox dinamik və istəkli bir komanda gördüm. Burda çox yaxşı dostluq mühiti var. Bu həftə liqaya yaxşı başlayıb, məqsədimizə nail olmaq istəyirik”.
Xatırladaq ki ki, Budak ötən mövsüm "Samsunspor"da oynayıb.
FARİZ