Çempionlar Liqası, pley-off, ilk oyun
Ferentsvaroş (Budapeşt, Macarıstan) – Qarabağ 1:3 (1:0)
90. Deneş Dibus (k)
22. Qabor Salai
28. Toon Ramakers
3. Stefan Qartenmann
(27. İbrahim Sisse, 64)
36. Qabi Kanixovski
(10. Yonatan Levi, 77)
64. Aleks Tot
47. Kallum O’Douda
23. Bense Ötvöş
(16. Kristoffer Zaxariassen, 46)
25. Çebrail Makretski
19. Barnabaş Varqa
(8. Aleksandar Peşiç, 70)
75. Lenni Jozef
(30. Jombor Qruber, 70)
Ehtiyat oyunçular
63. Daniel Radnoti
99. David Qrof
5. Nabi Keyta
7. Daniel Arzani
21. Endre Botka
33. Kadu
77. Barnabaş Naqi
Baş məşqçi: Robbi Kin
99. Mateuş Koxalski
44. Elvin Cəfərquliyev
81. Kevin Medina
13. Bəhlul Mustafazadə
2. Mateus Silva
(18. Dani Bolt, 90+2)
8. Marko Yankoviç
35. Pedri Bikalyo
10. Abdulla Zubir (k)
(6. Kris Kuaku, 90+2)
20. Kadi Borges
15. Leandro Andrade
(11. Emmanuel Addai, 58)
90. Nəriman Axundzadə
(22. Musa Qurbanlı, 82)
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
97. Fabian Buntiç
3. Sami Mmae
21. Aleksey Kaşuk
27. Toral Bayramov
30. Abbas Hüseynov
32. Hikmət Cəbrayılzadə
55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Qollar: B.Varqa, 29 (1:0). M.Yankoviç, 50 (1:1). K.Medina, 67 (1:2). M.Qurbanlı, 85 (1:3).
Vərəqələr: M.Silva, 69. Q.Salai, 90+3. A.Peşiç, 90+5 – sarı.
Hakimlər: JOAO PİNYEYRO, Bruno Jezus, Lusiano Maya, Klaudio Pereyra (hamısı Portuqaliya).
VAR hakimi: Tyaqo Martinş (Portuqaliya).
VAR hakiminin köməkçisi: Fabio Oliveyra Melo (Portuqaliya).
Hakim-inspektor: Stefan Yohannesson (İsveç).
UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan).
19 avqust. Budapeşt. “Qroupama” stadionu. 19675 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
12 (4) qapıya (“çərçivə”yə) zərbə 12 (4)
4 künc zərbəsi 3
0 ofsayd 2
20 qayda pozuntusu 8
2 (0) sarı (qırmızı) vərəqə 1 (0)
38 topa sahibolma (faizlə) 62
Tarixində 4-cü dəfə ÇL-in pley-offunda oynayan “Qarabağ”dan azərbaycanlı azarkeşlər qələbə gözləsə də, etiraf etmək lazımdı ki, “Ferentsvaroş” nə “Şelburn”du, nə də “Şkendiya”. Təbii, 2022-ci ildə bu rəqiblə duellərdən qalan xoş təəssürat var idi, “bir dəfə udmuşuqsa, niyə 2-ci dəfə də udmayaq?!” kimi düşüncələrə dalmaq olardı. Amma o vaxtdan bəri hər iki komandanın heyəti köklü dəyişikliyə məruz qalıb.
Heyətdən söz düşmüşkən, Qurban Qurbanov “qalib heyəti dəyişməzlər” prinsipinə söykənmiş, “Şkendiya”nı Bakıda darmadağın edən futbolçuları meydana buraxmışdı.
Mənə elə gəlir ki, “Qarabağ” oyuna hücumla başlamaqla meydan sahiblərini təəccübləndirdi. Əslində bunu başqa cür də izah etmək olar: “Ferentsvaroş” ağdamlılardan ehtiyatlanırdı, oyunun məhz elə belə başlamasını istəyirdi. Dəqiqə tamamlanmamış Kadi, 3-cü dəqiqədə isə Nəriman qapıya zərbə vurdu. Birincidə qapıçı topu qaytardı, ikincidə top tirin üstündən keçdi. Etiraf edim ki, Varqanın 8-ci dəqiqədəki baş zərbəsi daha təhlükəli idi, top qapıya getsəydi, Koxalski ona çatmayacaqdı. 14-cü dəqiqədə isə Medina ilə mübarizədən qalib ayrılan Jozef topu boş qapıya göndərdi. Yaxşı ki top qapıdan azca aralı keçdi, hərçənd Mateus da özünü çatdırmışdı. İlk 25 dəqiqə ümumilikdə “Qarabağ”ın üstünlüyü şəraitində keçəndən sonra şəxsən mən qələbə planları qururdum ki, əzəmətli Varqa hesabı açdı. Macarlar sağ cinahdan hücum qurdu, Zubir Qartenmanna, Cəfərquliyev Makretskiyə mane ola bilmədi, cərimə meydançasında topa yiyələnən Varqa isə Yankoviçlə Mustafazadənin nəzarətindən yayınıb hesabı açdı. Onun bilyard dəqiqliyi ilə vurduğu qol tribunaları və Kini vəcdə gətirdi, şənlənən publika irəlidə hansı aqibətlə üzləşəcəyini bilsəydi...
43-cü dəqiqədə yaşananları da həqiqət anlarından biri kimi dəyərləndirmək olar. Jozef qapının elə nöqtəsinə zərbə vurdu ki, Koxalski yalnız barmaqlarının ucu ilə topu çıxara bildi.
Çox güman, Qurbanov fasilədə yetirmələrindən daha fəal oynamağı tələb etmişdi. Xüsusən də Kadidən. İlk yarıda sanki “öz qabında olmayan” braziliyalı 2-ci hissədə ona dəyər verməyən komandanı cəzalandırmağın zəruriliyini anladı. Oyun yenicə bərpa olunmuşdu ki, hesab bərabərləşdi. Mateus topu autdan oyuna daxil etdi, Kadi Leandroya, o da Yankoviçə ötürmə verdi. Taleyin ironiyasına bax ki, Marko məhz Varqanın ayaqları altından qapıya dəqiq zərbə vurdu. “Qarabağ” qanın qoxusunu hiss edən canavar kimi hücumları davam etdirdi. Qurbanov 58-ci dəqiqədə Leandronu Addai ilə əvəzləməklə oyunu canlandırdı. Bundan iki dəqiqə əvvəl Zubirin cərimə meydançası xaricindən təhlükəli zərbəsi “çərçivə”yə düşmədi. Amma məhz kapitan 66-cı dəqiqədə komandasına korner qazandırdı. Künc bayrağına yaxınlaşan Kadi cərimə meydançasına asma etdi, Bəhlulun saçını “yalayan” top oyunun ən fəallarından Medinanın önünə düşdü, kolumbiyalı müdafiəçi topu sağ ayağı ilə rahatladı, solla qapıya göndərdi. Hücumçuların – Varqa ilə Jozefin işindən narazı qalan Kin onları əvəzlədi.
Məğlubiyyətlə barışmaq istəməyən macarlar 76-cı dəqiqədə hesabı bərabərləşdirə bilərdi. Sadəcə, Varqanı əvəz edən Peşiçin zərbəsindən sonra top düz Koxalskinin üstünə getdi. 78-ci dəqiqədə isə Makretskinin qapıya gedən zərbəsinin qarşısını Bəhlul inanılmaz şəkildə aldı. Düzdü, bu anda avtoqol qeydə alınsaydı da, heç kim təəccüblənməyəcəkdi. “Qarabağ”ın baş məşqçisi 82-ci dəqiqədə oyuna növbəti dəfə müdaxilə etdi. Canfəşanlıq etsə də, faydalı iş əmsalı aşağı olan Nərimanı Musa əvəzlədi. 3 dəqiqə sonra isə...
Bikalyo – Mateus – Yankoviç – Kadi kombinasiyasının sonunda top Musanın hərəkət istiqamətinə göndərildi. Ramakersin mane olmağa çalışdığı gənc hücumçü qapıçıya yaxın küncü “nişan aldı”. Qəribə trayektoriya cızan top tora daxil oldu. Bəs bu son idimi? Yox, macarlar fərqi azaltmaq üçün dəridən-qabıqdan çıxdı. 1-ci uzatma dəqiqəsində “Qarabağ”ın köməyinə bəxt çatdı. Yoxsa penalti nöqtəsindən də irəlidə topu qəbul edən Levinin zərbə vurmasına heç kim mane olmurdu.
Beləliklə, tarix təkrarlandı: “Qarabağ” üç il əvvəl olduğu kimi, yenə də səfərdən 3:1 hesabı qələbə ilə qayıtdı. İndi yalnız avqustun 27-də keçiriləcək oyunda son nöqtəni qoymaq, 8 ildən sonra növbəti dəfə ÇL-in əsas mərhələsinə vəsiqə qazanmaq lazımdı.
Maraqlıdı...
“Qarabağ” avrokuboklarda ardıcıl 5 qələbə qazanan ilk Azərbaycan klubudu. Ağdamlılar buna səfərdə “Ferentsvaroş”u 3:1 hesabıyla məğlub etməklə nail oldu. “Qarabağ” avrokubokların 2019/20 mövsümündə ardıcıl 4 qələbə qazanan “Neftçi”nin rekordunu yenilədi. Ümumiyyətlə, yalnız iki komanda avrokubok mövsümü başlayandan bəri keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb. Bunlar “Qarabağ”la “Utrext”di.
Gözdən qaçmadı
* 2022-ci ildə Budapeştdə keçirilən oyunda “Qarabağ”ı 350 azarkeş dəstəkləmişdisə, bu dəfə onların sayı 500-ə yaxın idi. Azərbaycan stadionlarında eşitməyə alışdığımız “Şəhidlər ölməz, vətən bölünməz” şüarı Budapeştdə də səsləndi.
* Oyunöncəsi salamlaşma zamanı Kadi ilə rəqibin baş məşqçisi Robbi Kinin qucaqlaşması, mehribancasına hal-əhval tutması gözdən qaçmadı.