“Yəqin ki, sənin ağsaqqalların “Ağdam” çaxırını unutmayıblar”
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” - BATE matçı MDB məkanında da böyük marağa səbəb olub. Rusiyanın məşhur çempion.com portalının şərhlər bölməsinə diqqət yetirmək kifayət edər ki, bunun şahidi olasan. Azarkeşlər istər qarşılaşmadan əvvəl, istərsə də sonra oyunla bağlı maraqlı fikirlər bölüşüblər. Onların arasında ən çox diqqəti çəkənlərlə sizləri də tanış etmək istəyirik.
kig: “Heç vaxt bizimkilərin keçmiş SSRİ respublikalarını təmsil edən klublarla oynamasını istəməmişəm. O saat hamı futbolu siyasətə qarışdırır. Çamur, çirkab baş alıb gedir. Axmaq-axmaq fikirləri oxuyanda adamın ürəyi bulanır. Bizim həm Ermənistan, həm də Azərbaycanla normal münasibətlərimiz var. Meydanda Belarus və Azərbaycan klubu qarşılaşır, ancaq kimlərsə sanki bilərəkdən bu iki ölkə arasında yaşanan münasibətləri qabartmaq istəyir. Olmaz belə, imkan verin, oyunu izləyək”.
fatu: “Bu komandalar “Orenburq”la “Yenisey”in əvəzinə Rusiya premyer-liqasında oynasaydı, nə yaxşı olardı. Biranlıq SSRİ çempionatını xatırladım. Həm “Qarabağ”, həm də BATE “Spartak”a, “Zenit”ə, ÇSKA-ya, “Lokomotiv”ə layiqli rəqib ola bilərdilər. Ancaq çox təəssüf ki, indi bu komandalar ancaq avrokuboklarda üz-üzə gələ bilirlər”
afffff11: “Nəyə görə azərilər komandalarına Ermənistan ərazisinin adını qoyublar?”
kamal888: “Qarabağ” ona görə Bakıda oynayır ki, ermənilər tarixi Azərbaycan torpağı olan Ağdamı işğal ediblər. Yəqin ki, sənin ağsaqqalların “Ağdam” çaxırını unutmayıblar. Onlardan soruşsan, sənə hər şeyi başa salacaqlar”.
septefril123: “BATE-ni məhz buna görə bəyənmirəm. Qoldan sonra irəli gedib 2-ci, 3-cü qolu vurmaq əvəzinə, komanda ikinci hissədə hesabı qorumaq üçün müdafiəyə çəkildi. Hiss olunurdu ki, səviyyə baxımından “Qarabağ”ı üstələyir. Baş məşqçinin seçdiyi yanlış taktikadı. Təki cavab oyununda bunun acısını çəkməyək”.
donaslan: “Qarabağ” həyəcanlı oluğundan çox top itkisinə yol verir. Açığı, onlardan daha artığını gözləyirdim. Bu komanda ötən il gördüyümə bənzəmir”.
nfhfynbyj: “Deyirlər bu komanda ötən mövsüm Çempionlar Liqasının qrupunda Madrid “Atletiko”sunu iki oyunda cəzalandırıb. Başa düşmürəm, heç-heçə nə vaxtdan cəzalandırmaq olub? Deyəsən, Azərbaycan mətbuatı və futbol ictimaiyyəti belə nəticələrə öyrəşmədiklərindən heç-heçəni böyük uğur kimi qələmə verirlər. BATE kimi komandaları olsaydı, nə edərdilər? Ona görə deyiblər, yaxşı ki, Allah dəvəyə qanad verməyib”.
TUSHİNO-SEKTA: “Derbi. Lülə-kabab kartofa qarşı. Mən uşaqlıqdan kartofu xoşlamışam. Haydı uşaqlar, məni sevgimə görə peşman etməyin”.
eqor365: “Yəqin ki, statistikanı görmüsüz. “Qarabağ” qarşılaşma boyunca 65 faiz topa sahib olub. BATE nə etdi? Qapısı qarşısında 11 nəfərdən ibarət “canlı sədd” qurdu. Belə futbol olar? “Qarabağ”ın əvəzinə bir qədər güclü komanda olsaydı, komanda Borisova boynubükük dönəcəkdi”.
anace: “Qarabağ”ı elə şişirtmişdilər ki... Bu komanda ÇL-in qrupunda oynayıb? Onlar belə oyunla bunu bacarıblarsa, mənim də tezliklə aya uçmaq arzum reallaşacaq. Gülməlidi...”
oger1971: “Meydanın durumuna baxın. O saat hiss olunur ki, Asiyadı. Bizdə heç birinci dəstədə belə bərbad meydan yoxdu. Qazon deyil, bostandı. Azərilər onsuz da tərəvəz satmağa öyrəşiblər. Yəqin ki, mübarizədən kənarda qalandan sonra həmin meydanda yerkökü əkib sonra da çıxarıb satacaqlar”.
vanlun55: “BATE-nin rəqibdən bir baş üstün oynadığını demək olmaz. Sadəcə, əllərinə düşən imkandan yararlandılar. Bir də çox intizamlı oynadılar. Ancaq hələ heç nə məlum deyil. Borisovda bizi daha maraqlı qarşılaşma gözləyir. Buna əmin ola bilərsiz”.
RƏŞAD hazırladı