İlqar Aslanov: “Bu, bizim üçün yaxşı fürsətdi”
Futzal üzrə ölkə çempionatında növbəti mövsüm daha gərgin mübarizə vəd edir. Ən azı ona görə ki, “Araz” legionerlərdən imtina edib və yerli futzalçılarla mübarizə aparacaq. Belədə aşağı-yuxarı, bütün komandaların səviyyəsi eyni olacaq. Digər iddialılar, nəhayət, çempion olmaq fürsəti qazanıblar. İddialılar deyəndə ilk növbədə “Ekol” və “Neftçi” yada düşür. “Araz”ın “at oynatdığı” illərdə “əbədi ikinci-üçüncü” olan bu komandalar üçün hazırda yaxşı fürsət yaranıb. Axı son mövsümün gümüş mükafatçısı və kubokun sahibi “Marafon” da meydandan çəkilib.
Yüksək liqanın köklü klublarının düşərgəsiylə əlaqə saxlayıb, çempionata necə hazırlaşdıqları ilə maraqlandıq. “Ekol”un oynayan baş məşqçisi Radik Əhmədov artıq bir həftədi məşqlərə başladıqlarını bildirdi: “Məşqlərə avqustun 1-dən başlamışıq. “Gənclik”də manejdə hazırlaşırıq. Hələ ki yüngül məşqlər keçirik. Biz buna bərpaedici məşq deyirik. Növbəti həftədən fiziki hazırlığımız başlayacaq. Ayın sonunda isə təlim-məşq toplanışına “oturacağıq”. Ötən yay Qubada toplanış keçmişdik. Bu dəfə hara üz tutacağımız hələ bəlli deyil. Rəhbərlik yaxın günlərdə bu məsələni həll edəcək. Hələ ki vaxtımız var. Bu müddətdə yoxlama görüşlərinə ehtiyac yoxdu. Çünki hələ komanda hazır deyil. Oyunları toplanışdan qayıdandan sonraya planlaşdırmışıq. Düzdü, ötən yay Qubada bir oyun keçirmişdik. Ancaq rəqib peşəkarlar deyildi, qubalı həvəskar oyunçular idi. Komanda fiziki güc yığandan, taktiki cəhətdən tapşırıqları yerinə yetirməyə hazır olandan sonra oynamalıdı”.
“Ekol”un heyətində dəyişiklik baş verib. İki nəfər gedib, biri gəlib: “Ötənmövsümkü heyətdən iki nəfəri yola salmışıq. Bunlar Sərxan Məstiyev və Taleh Ağayevdi. Qarşımıza komandanı gücləndirmək, rəqabəti artırmaq tələbi qoyulub. Onlarla da məhz komandanın gücünə güc qata bilmədikləri üçün vidalaşmışıq. Hələlik bir yeni transferimiz var. “İtaldizayn”dan Faiq Əliyevlə güclənmişik. Axtarışlarımız davam edir. Bizim üçün seçim etmək daha çətindi. Çünki komandanın qarşısına sırf yerli uşaqlarla oynamaq tapşırığı qoyulub. Yəni legionersiz çıxış edirik. Axtarıb bizə uyğun olan, komandanı gücləndirə bilən oyunçular seçməliyik”.
Gənc məşqçi növbəti mövsümdə çempionluq üçün mübarizə aparacaqlarını deyir: “Araz”ın siyasəti dəyişməsi üstünlükdü. Düzdü, yenə də güclüdülər. Heyətdə yerli uşaqlar qalsa da, əksəriyyəti yığma üzvləridi. Ancaq braziliyalılar olanda bir baş üstün idilər. İndi isə başabaş mübarizə aparmaq olar. “Ekol” əvvəlki mövsümlərdə də mükafatlar uğrunda mübarizə aparırdı. Bu dəfə çempionluğa köklənmişik”.
“Neftçi”də isə vəziyyət o qədər də ürəkaçan deyil. Düzdü, ötənmövsümkü heyət qorunub. Ancaq itkilər var və komanda hazırda 7 futzalçının ümidinə qalıb. Buna baxmayaraq, təcrübəli baş məşqçi İlqar Aslanov nikbindi: “Bu həftənin əvvəlindən - bazar ertəsindən bir araya gəlmişik. İlk 3 məşqi 7 nəfərlə keçmişik. Düzdü, baxışa gələn cavan uşaqlar da var. Onların nəyə qadir olduğunu zala keçəndən sonra yoxlayıb biləcəyik. Hələlik ADBTİA-nın stadionunda yüngül məşqlər keçirik, kross qaçışı olur. Gələn həftənin birinci günü zalda məşq edəcəyik. Daha birhəftəlik tsikldən sonra oyunlara üstünlük veriləcək. Bildiyimə görə, yüksək liqada bu ildən çıxış edəcək Lənkəran komandaları, həmçinin “Araz” və “Ekol” da məşqlərə başlayıb. Onlardan hansı razılıq versə, oyun keçirəcəyik.
Hələlik ötənilki heyətdən heç kimlə yolumuzu ayırmamışıq. Yeni gələnlər arasında güclüsü olsa, onu saxlayıb kimisə göndərə bilərik. Həm də heyətdə itkilərimiz var. İranlı Mehran Eybeli ötən mövsümün gedişində ciddi zədə aldı və hələ də hazır deyil. Hazırda İrandadı, əlaqə saxlayırıq. Onun həmyerlisi Məhəmməd Katebi də hələ gəlməyib, yolunu gözləyirik. İlk həftədə yüngül məşqlər keçirildiyindən onun yubanması problem deyil. Bir-iki günə sıralarımıza qoşulmalıdı. Bundan başqa, yeni transferlərimiz də olmalıdı. Ötən mövsüm sıxıntılarımız oldu. Çempionat ərəfəsində heyətimiz dağıldı, Fərid, Rəcəb, Faiq getdi, onların yerinə lazımi səviyyəli oyunçu gətirə bilmədik. Çempionatın gedişində də müəyyən problemlərimiz oldu, anlaşdığımız legioneri son anda “Marafon” əlimizdən aldı. Bir sözlə, bu problemlər qeyri-sabit çıxış etməyimizə səbəb oldu. Amma ümumilikdə rəhbərlik komandaya yaxşı baxır. İnanıram ki, yenidən güclü komanda formalaşdıra biləcəyik və çempionluq uğrunda mübarizəni davam etdirəcəyik. “Araz”ın zəifləməsi işimizə yarayır. Bu, bizim üçün yaxşı fürsətdi. Ümumiyyətlə, Naxçıvan təmsilçisinin sırf yerlilərə üstünlük verməsi öz uşaqlarımızla oynayan başqa komandalar üçün də stimuldu. İndi həmin büdcə ilə başabaş mübarizə aparmaq mümkün olacaq. Bu mühit istər-istəməz yerli oyunçuların inkişafına da təkan verəcək. Bundan qazanan isə yığmamız olacaq. Düzdü, bizdə də legionerlər var. Ancaq biz bir-iki gəlmə oyunçu ilə zəif heyəti balanslaşdıra bilirik. “Araz”da isə onsuz da yerli uşaqlar güclüdü, hamısı yığma üzvüdü. Fikrimcə, qarşıdakı çempionat daha maraqlı, bərabər mübarizə şəraitində keçəcək. Kaş komandaların sayı daha çox olaydı”.
MİRAĞA