Mutu Sezarın transferini dəyərləndirdi
“Keşlə”nin ötən mövsüm kuboku qazanmasında əsas pay sahiblərindən olan Sezar Meza Kollinin yoxluğu hələ çox hiss olunacaq. Təsadüfi deyil ki, paraqvaylının olmadığı son iki oyunda (yoxlama matçı olsa da...) paytaxt təmsilçisi uduzub. Rumıniyada isə onunla bağlı yüksək fikirdədilər. Təsadüfi deyil ki, son ana qədər bu ölkənin bir neçə klubu Sezarın arxasınca düşmüşdü. O isə sonda “Universitatya”ya keçdi. Sən demə, Meza Kolli seçim etməzdən əvvəl Rumıniya futbolunun tanınmış siması və millisinin sabiq oyunçusu Adrian Mutu ilə məsləhətləşib. Bu da təsadüfi deyil. Axı 2016-cı ildə karyerasını başa vuran 39 yaşlı Mutu "İnter", "Verona", "Parma", "Çelsi", "Yuventus", "Fiorentina", "Çezena" kimi komandalarda çıxış edib. 2011/12 mövsümündə “Çezena”da məhz Sezar Meza Kolli ilə birgə top qovub.
“Universitatya”dan təklif alandan sonra Mutu ilə məsləhətləşdiyini təqdimat mərasimində Meza Kolli özü açıqlayıb: "Komanda mənimlə maraqlananda "Keşlə"də komanda yoldaşım olan Adrian Skarlatake və Adrian Mutudan bu klub barədə məlumat aldım. Onlar mənə çox yaxşı sözlər dedilər".
Mutu da Sezar Meza Kolli barədə fikirlərini bölüşüb. Hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” klubunun ikinci komandasının baş məşqçisi olan veteran futbolçu paraqvaylı yarımmüdafiəçinin yaxşı oyunçu olduğunu vurğulayıb: "O, böyük keyfiyyətlərə malikdi. Sol ayağı ilə oynayan yaxşı futbolçudu. Həm də möhtəşəm bir insandı. “Universitatya” çox yaxşı və vacib transfer həyata keçirdi. Hesab edirəm ki, Sezar komandaya əlavə üstünlük verəcək. Onu yaxından tanıyıram".
Sezar Rumıniyada 8000 avro maaş alacaq, "Keşlə"də qalmaq üçün isə 12 min dollar əməkhaqqı istəyən cənubi amerikalının transferi qarşılığında təmsilçimizə nəsə çatıb-çatmadığı haqda məlumat verilmir. Elə paytaxt klubundan da bu barədə ətraflı bilgi almaq olmur. “Keşlə”nin icraçı direktoru Rəmiş Malıyev hələ bir müddət əvvəl mətbuata verdiyi açıqlamada yayda müqavilənin müddətini uzatdıqları paraqvaylı futbolçunun gedişindən qazanc əldə edib-etmədikləri ilə bağlı suala “keçidin detalları barədə məlumat vermək istəmirəm” deyərək, bu məsələni gizli saxlamağı üstün tutmuşdu. Deyilənə görə, Sezar ayyarım əvvəl yeni anlaşmaya imza atarkən ora belə bənd saldırıb: “Ölkə xaricindən təklif gələrsə, sərbəst qalacaq”. Avroliqaya “əlimyandı”da hazırlaşan bakılılar bu yolla onu “Qəbələ”nin əlindən qoparsalar da, rumınlara havayı bağışlamalı oldular...
MİRAĞA