Qadınlardan ibarət voleybol yığmamız dünya çempionatına hazırlığı davam etdirir. Voleybol Federasiyasının “feysbuk” səhifəsinin yaydığı xəbərə görə, Sloveniyada təlim-məşq toplanışında olan komandamız yaxın günlərdə yoldaşlıq görüşləri keçirməyi planlaşdırır. Artıq rəqiblərin adlarına aydınlıq gəlib. Faiq Qarayevin yetirmələri Xorvatiya və Sloveniya yığmaları ilə münasibətləri aydınlaşdıracaq. Hələ ki oyunların baş tutacağı tarix bəlli deyil.
Kişilərdən ibarət millimiz isə Avropa çempionatının seçmə mərhələsində mübarizənin astanasındadı. Komandamızı İsveç, Lüksemburq və Yunanıstan milliləri ilə qarşılaşmalar gözləyir. Artıq G qrupunda mübarizə aparacaq təmsilçimizin ilk görüşünün başlama saatı açıqlanıb. İsveçlə qarşılaşma avqustun 15-də, saat 18.00-da Dərnəgül Voleybol Mərkəzində keçiriləcək.