Ramin Musayev AZAL-ı razı salmağa çalışır
Artıq neçə gündü ki, PFL birinci divizionla bağlı problemi yoluna qoya bilmir. AFFA-nın baş katibi Elxan Məmmədovun yeni konsepsiyasına əsasən əvəzedici komandalardan və aşağı dəstə təmsilçilərindən formalaşmış yeni çempionat artıq bu həftə start götürməliydi. Ancaq “Qəbələ”nin “ikincilər”inin imtinası, bir çox birinci dəstə təmsilçilərinin çempionata hazır olmaması səbəbindən Ramin Musayevin rəhbərlik etdiyi qurum nə iştirakçıların sayını müəyyənləşdirə, nə də püşkatmanı keçirə bilir.
Ötən saylarımızın birində xəbər verdiyimiz kimi, yeni mövsümdə divizionda 8 əvəzedici komanda, 4-6 birinci dəstə kollektivi iştirak etməli idi. Ancaq “qırmızı-qaralar”ın məlum qərarı “ikincilər”in sayını 7-yə endirib. Divizion təmsilçilərindən altısının - “Turan Tovuz”, MOİK, “Zaqatala”, “Qaradağ Lökbatan”, “Ağsu” və “Kəpəz”in çempionatda iştirak edəcəyi dəqiqləşib. Belə çıxır ki, 2018/19 “futbol ili”ndə divizionda 13 komanda mübarizə aparacaq.
Ancaq dünən etibarlı mənbədən əldə etdiyimiz məlumata inansaq, durumu nəzərə alan PFL fərqli qərar vermək fikrindədi. Belə ki, iştirakçı sayı tək rəqəmli olduğundan qurum hazırda himayəsiz qalan “Şüvəlan”ın çempionatda iştirakını təmin etmək üçün yollar axtarır. Bu yöndə əsas diqqət AZAL şirkətinə yönəlib. Ramin Musayev çalışır ki, ölkənin ən böyük şirkətlərindən biri qəsəbə təmsilçisinə ötən illərdə olduğu kimi yenə vəsait ayırsın. Belə olacağı təqdirdə Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda da divizionda iştirak edəcək və 14 komandalı çempionat keçiriləcək. AZAL-la danışıqlar müsbət nəticə verməyəcəyi halda, PFL 12 komandanın iştirakı ilə birincilik keçirmək məcburiyyətindədi. Hadisələrin bu şəkildə inkişafı isə yuxarıda adını qeyd etdiyimiz divizion təmsilçilərindən birinin “oyundankənar vəziyyətə düşməsi” ilə nəticələnəcək.
Mənbəmiz onu da bildirdi ki, komandaların sayından asılı olmayaraq, PFL bu həftənin sonuna kimi birinci divizionun püşkatmasını keçirəcək.
Söylənilənlərə aydınlıq gətirmək üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Aslan bəy hələ ki yeni xəbərin olmadığını, divizionla bağlı işlərin getdiyini bildirdi. Onu da əlavə etdi ki, iştirakçı klubların adları dəqiqləşəndən sonra ictimaiyyətə açıqlama veriləcək.
RƏŞAD