Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
Qarabağ - BATE (Belarus) 0:1 (0:1)
1. Hannes Halldorsson
77. Vild-Donald Gerye
55. Bədavi Hüseynov
14. Rəşad Sadıqov (k)
5. Maksim Medvedev
2. Qara Qarayev
6. Simeon Slavçev
(19. Filip Ozobiç, 80)
17. Abdulla Zubir
8. Miçel
28. Con Delarj
(11. Mahir Mədətov, 67)
7. İnnosent Emeqara
Ehtiyat oyunçular
13. Vaqner da Silva
25. Ansi Aqolli
30. Abbas Hüseynov
52. Yakub Jezniçak
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
48. Denis Şerbitski
42. Maksim Volodko
4. Aleksandr Filipoviç
5. Yevgeni Yablonski
8. Stanislav Draqun
(7. Yevgeni Beryozkin, 76)
17. Aleksey Rios
25. Dmitri Baqa
21. Yeqor Filipenko
22. İqor Staseviç (k)
(11. Aleksandr Qleb, 85)
13. Nikolay Siqneviç
10. Mirko İvaniç
(15. Maksim Skavış, 62)
Ehtiyat oyunçular
35. Anton Çiçkan
23. Zaxar Volkov
24. Yasse Tuominen
45. Vladislav Muxamedov
Baş məşqçi: Aleksey Baqa
Qol: S.Draqun, 36.
Vərəqələr: A.Rios, 44. N.Siqneviç, 54. A.Filipoviç, 56 - sarı.
Hakimlər: ANDREAS EKBERQ, Mehmet Kulum, Stefan Hallberq, Kristoffer Karlsson (hamısı İsveç).
Hakim-inspektor: Robert Sedlaçek (Avstriya).
UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan).
7 avqust. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 29000 tamaşaçı.
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
15 (4) qapıya (“çərçivə”yə) zərbə 5 (2)
7 korner 2
0 ofsayd 1
0 vərəqə (qırmızı) 3
9 qayda pozuntusu 12
“Qarabağ” daha bir çətin sınaq qarşısındaydı. Rəqib son 10 ildə 5 dəfə ÇL-in, 3 dəfə isə AL-in qrupunda çıxış edən BATE idi. Bu mərhələni uğurla adlayan tərəf qitənin ikinci dərəcəli klub turninin qrupunu təmin edəcəkdi. Hədəfə çatmaq baxımından ilk oyundakı nəticə olduqca önəmli idi.
Qurbanov qalib heyətə əl gəzdirmişdi. Daha doğrusu, “Kukesi” ilə cavab görüşündə meydana çıxan “11-lik”də iki dəyişiklik var idi. Ən önəmli məqam “çərçivə” ilə bağlıydı. Öncəki 4 oyunun hamısında mübarizə aparan və 360 dəqiqə qapısını toxunulmaz saxlayan Vaqner ehtiyatda qalmışdı. Yay fasiləsinin ən önəmli transferlərindən sayılan Halldorsson isə bu dəfə “11-lik”də idi. Rusiyada keçirilən DÇ-də Messinin penaltisini dəf etməklə diqqəti cəlb etməyi bacaran island qolkiperin BATE ilə oyunda necə təsir bağışlayacağı maraq doğururdu. Digər dəyişiklik isə yarımmüdafiənin sağı ilə bağlı idi. Belə ki, Dani Kintana zədəli olduğuna görə üəmin mövqedə Delarj qərarlaşmışdı. Qeyd edək ki, Con ötən oyunda fərqlənməyi də bacarmışdı. Qurbanov qalan mövqelərə toxunmağa ehtiyac görməmişdi.
İlk dəqiqələrdən bu rəqibin “Kukesi” ilə müqayisəyə gəlməyəcəyini anlamaq çətin deyildi. Belarus təmsilçisi oyunun əvvəllərindən basqı edən tərəf idi və “Qarabağ”ın rahat əl-qol açmasına imkan vermirdi. Düzdü, meydan sahiblərinin qapısı qarşısında ciddi təhlükə yaranmırdı. Ancaq Borisov təmsilçisi oyunun əvvəllərindən rəqib qapısına “yüklənmişdi”. Bununla belə, 9-cu dəqiqədə Miçel fərqlənə bilərdi. Lakin onun effektli zərbə endirməsinə müdafiəçi mane oldu. Az sonra Bədavinin həlledici müdaxiləsi “Qarabağ”ı qoldan xilas etdi. Ümumiyyətlə, ilk yarıda “köhlən atlar” hücum qurmaqda çətinlik çəkirdi. Matçda temp də o qədər yüksək deyildi. Hər iki komanda daha çox ehtiyatlı oyuna üstünlük verirdi. Hissi olunurdu ki, “Qarabağ”lı futbolçular baş məşqçidən tələsməmək tapşırığı alıb. Nəhayət, 29-cu dəqqiqədə oyunda ən real qol vəziyyətinin şahidi olduq. Siqneviç qapıçı ilə üz-üzə çıxdı, uzaq küncü nişan alsa da, topu ünvana dəqiq göndərə bilmədi. Bu andan etibarən matçda temp bir qədər yüksəldi. 33-cü dəqiqədə Emeqara diqqət mərkəzinə düşdü. İsveçrəli hücumçu iki epizodda fərqlənə bilərdi. Lakin hər iki cəhddə effektli zərbə endirə bilmədi. Cəmi 3 dəqiqə sonra hesab açıldı. Rəşad kobud səhvə yol verərək topu Staseviçə ötürdü. “Köhlən atlar”ı azlıqda yaxalayan rəqib fürsəti boşa vermədi. Kapitandan topu qəbul edən Siqneviçin qapıya paralel ötürməsini Draqun dəqiq baş zərbəsi ilə tamamladı. Qoldan sonra “Qarabağ” daha çox hücum haqda düşünməyə başladı. Lakin tələskənlik, həmçinin borisovluların müdafiədə etibarlı oyunu fasiləyə qədər “status-kvo”nun bərpasına mane oldu.
Ağdamlılar ikinci hissəyə fəal başladı. Ancaq rəqib qapısına zərbə endirməyə, yaxud da təhlükəli hücum qurmağa BATE-nin arxa xətt oyunçuları imkan vermirdi. Qurulan hücumları məntiqi sonluğa çatdırmaq mümkün olmurdu. Hissənin əvvəlindəki rəqib təzyiqini yavaş-yavaş dəf edən BATE matçı ilk yarıdakı axarına qaytarmağı bacardı. Hesab qonaqlara sərf etdiyindən, meydanda daha rahat hərəkət edirdilər. “Qarabağ” isə hər variantı sınayırdı: qısa ötürmələrlə rəqibin cərimə meydançasına daxil olmalar, uzaq məsafələrdən zərbələr, cinah həmlələri... Lakin “sarı-göylər” müdafiədə boşluq vermirdi.
59-cu dəqiqədə Maksimin uzaqdan vuruşu yadda qalsa da, dəqiq olmadı. Cəmi 2 dəqiqə Siqneviç künc zərbəsindən sonra fərqlənməyə yaxın olsa da, vuruşundan sonra top qapının üstündən keçdi. Bundan sonra təxminən 10 dəqiqə qapılar qarşısında yaddaqalan epizod görmədik. 70-ci dəqiqədən etibarən isə “Qarabağ” təzyiqi artırdı. Yeri gəlmişkən, hücumu gücləndirmək üçün Qurbanovun əvvəlcə Mahiri, ardınca Filipi meydana buraxdığını da qeyd edək. Təbii, “köhlən atlar”ın oyununun canlanmasında meydana yenicə çıxanların da müəyyən rolu vardı. 74-cü dəqiqədə Slavçev cərimə meydançasının həndəvərindən bəxtini sınasa da, top qapının üstündən keçdi. Hər halda, BATE-nin müdafiəsi ağdamlıların həmlələrinə tab gətirə bilirdi. 84-cü dəqiqədə həm Emeqaranın, həm də Ozobiçin vuruşunun qarşısını müdafiəçilər aldı. Az sonra Filipin qüvvətli zərbəsi olduqca təhlükəli alındı, ancaq qapıçı əla reaksiya ilə qola imkan vermədi. 90-cı dəqiqədə isə Zubir rəqibin bir müdafiəçisindən sıyrılıb, zərbə endirdi, lakin top az fərqlə dirəyin yanından keçdi. Cəmi 1 dəqiqə sonra Mahirin uzaqdan vuruşundan sonra top qapıçıda qaldı. Son dəqiqələrdə “Qarabağ”ın oyunçuları hamılıqla hücuma aludə olsa da, doğma meydanda heç-heçə etmək mümkün olmadı. Bu nəticə ilə BATE ÇL-in pley-offuna doğru önəmli addım atdı. “Köhlən atlar”ın cavab görüşündə geridönüş etməsi çox çətin görünür. Hər halda, “ümid sonda ölür” deyimini əsas tutub, avqustun 14-dəki qarşılaşmanı gözləyək…
FARİZ
Faktlar
• “Qarabağ” uzun fasilədən sonra avrokubokların təsnifat mərhələsində evdə məğlub oldu. Sonuncu belə məğlubiyyət 2013-cü ildə qeydə alınmışdı. Həmin il avqustun 22-də ağdamlılar Avropa Liqasının 4-cü təsnifat mərhələsinin ev oyununda Frankfurt “Ayntraxt”ına uduzmuşdu – 0:2.
• Dünən avrokuboklar çərçivəsində 95-ci oyuna çıxan “Qarabağ” zəngin təcrübəsində yalnız bir dəfə mərhələyə evdəki 0:1 ilə başlayıb. Bu olayın üstündən düz 22 il ötür. 1996-cı il avqustun 8-də tarixində ilk avrokubok oyununa çıxan ağdamlılar Kuboklar Kuboku çərçivəsində “MüPa-47”yə 0:1 hesabıyla uduzdu. Finlandiyada keçirilən cavab görüşündə uzun müddət 1:0 hesabını qoruyan “Qarabağ” yalnız sonuncu uzatma dəqiqəsində qapısında qol görməklə hesabın bərabərləşməsinə imkan vermiş, bununla da oyun penalty seriyasına qədər uzanmamışdı.
• Dünənki oyunda kobud səhvə yol verən Rəşad Sadıqov avrokuboklarsa 89-cu dəfə meydana çıxmaqla ən yaxın izləyicilərini xeyli qabaqlayır. İndi Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox oyun keçirən futbolçuların “5-liy”i belədi: Rəşad Sadıqov – 89, Maksim Medvedev – 72, Rəşad Sadiqov – 71, Ansi Aqolli – 67, Qara Qarayev – 65.
Reaksiyalar
Rəşad Sadıqov: “Ağır oyun oldu. Bir kobud səhvimiz oldu, onda da qol vurdular. Həmin səhvi də mən buraxdım və məğlub olduq. Qaraya ötürmə vermək istəyirdim. Rəqib futbolçu gözləmədiyim halda ayağını uzatdı və topu komanda yoldaşına qazandırdı. Səfər qarşılaşmasından lazımınca istifadə etdilər. Artıq bu görüş geridə qaldı, növbəti oyuna hazırlaşmalıyıq. İlk 15-20 dəqiqədə istədiyimiz oyunu sərgiləyə bilmirdik. Daha doğrusu, oyunumuz alınmırdı. Hər iki komanda ehtiyatlı davranmağa çalışırdı. Lakin hesabda geri düşəndən sonra böyük qüvvə ilə irəli atıldıq ki, məğlubiyyətdən qurtulaq. Yaxşı hücumlarımız da oldu. Bəzi epizodlarda qapıçıları yaxşı oynadı, bir neçə dəfə top az fərqlə qapının yanından keçdik. Fasilədən sonra rəqibdən üstün oynadıq. Onları müdafiə olunmağa məcbur etdik. Hazırda üstünlük BATE-nin tərəfindədi. Əlimizdən gələni edəcəyik ki, vəziyyəti xeyrimizə dəyişək. Cavab görüşündə rəqib azarkeşləri önündə, həm də rahat oynayacaq. Biz isə aqressivliyi artırmalıyıq. Qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Hannes Tur Halldorsson: “Güclü rəqibə qarşı çətin oyun oldu. Bizdən fərqli onlar istəklərinə çatdılar. Əsas diqqəti müdafiəyə ayırıb, ümidlərini əks-hücumlara bağlamışdılar ki, bu da effekt verdi. İşimizi xeyli çətinləşdirdik. Buna baxmayaraq, hələ heç nə bitməyib. Cavab görüşündə vəziyyəti xeyrimizə dəyişə bilərik. Əlbəttə, çətin olacaq, amma mümkünsüz deyil. Evdə onlar təzyiq altında oynayacaqlar. Burda qalib gəlsələr də, səfərdə vuracağımız bir qol hər şeyi alt-üst edə bilər. Durmadan hücum etməli, aqressiv oynamalıyıq. Bunları edə bilsək, mərhələ adlayan tərəf olacağıq. “Qarabağ”da debütümdə məğlub olmaq adama ağır gəlir. Xüsusilə möhtəşəm dəstək verən azarkeşlərə görə üzgünəm. Meydanda çox iş görməsəm də, oynadığmız futboldan və stadiondakı ab-havadan həzz aldım. Deməzdim ki, BATE “Qarabağ”dan üstün komandadı. Sadəcə, bu gün bizim günümüz deyildi. Oyunun gedişində azarkeşlərin islandiyalı fanatlara xas fasiləli alqışlarını eşitmək xoş idi. Biranlıq özümü evdəki kimi hiss etməyə başladım. İzah olunması çətin hisslər idi. Sözlə başa sala bilmərəm”.
Vild-Donald Gerye: “Evdəki üstünlükdən maksimum yararlanmağa çalışsaq da, alınmadı. Bir qol oyunun taleyini həll etdi. İndi üstünlük onların tərəfində olsa da, hələ heç nə bitməyib. 0:1 ümidimizi üzmək üçün ciddi nəticə deyil. Qarşıda bizi daha 90 dəqiqə gözləyir. Bundan maksimum yararlanmalıyıq. BATE Bakıda qələbə qazanmağı bacardısa, eyni nəticəyə biz də səfərdə imza ata bilərik. Açığı, rəqib məni heç nə ilə təəccübləndirmədi. Güclü komanda olduqlarını bilirdik. Biz heç də onlardan zəif deyilik. Sadəcə, qol imkanlarını dəyərləndirə bilmədik. Xüsusilə ikinci hissədə çoxlu şansımız oldu. İlk yarıda ehtiyatlı oynamağımız hesaba görə idi. Böyük qüvvə ilə irəli atılmaq riskli ola bilərdi. Ona görə ehtiyatı əldən vermirdik. Fasilədən sonra isə bütün komanda ilə hücum edirdik. Belədə, onlar müdafiəyə çəkilməyə məcbur oldular. Qapı qarşısına hava ötürmələri? Bunun özü də qol vurmaq yönündə cəhddi. Futbolda elə bir qayda yoxdu ki, rəqib futbolçular ucaboydu deyə, asma etməməlisən. Əksinə, hava ötürmələri onları həyəcanlandırırdı. İstər-istəməz təzyiq altında qalırdılar. Bilmək olmaz, top hansısa futbolçularına dəyib qapıya daxil ola bilərdi, yaxud birinin ayağından səkib bizim oyunçuya düşərdi. Ya da qapıçı çıxışda səhvə yol verərdi. Yəni qol vurmaq üçün bütün mümkün variantlardan istifadə etməyə çalışırdıq. Komanda yoldaşlarıma inanıram. Daha çox güc sərf etsək, mərhələni adlayacağıq”.
Aleksandr Qleb: “Hər şey düşündüyümüz kimi oldu və gözlədiyimiz qələbəni qazandıq. Rəqib texniki bacarığı yüksək olan futbolçulardan qurulub. Fikrimcə, ilk hissədə bərabərsəviyyəli oyun izlədik. Rəqibi yekəxanalığına görə məyus etməyi bacardıq. Mərkəz müdafiəçiləri (Rəşad Sadıqovu nəzərdə tutur – H.) lazımsız hərəkətə yol verməklə işimizi asanlaşdırdı. Gizlətmirəm, hesab açılandan sonra sırf nəticəyə oynamağa başladıq. Azərbaycana ilk səfərimdi. Deyim ki, buraları çox bəyəndim. Əla şəhəriniz var, azarkeşlərin dəstəyi də mükəmməl idi. Dediyim kimi, “Qarabağ” texnikalı futbol oynayır, yaxşı futbolçulara sahibdilər. Hələ heç nə bitməyib. Hər şey bir həftədən sonra Belarusda həll olunacaq. Səfərdə qazandığımız qələbə vacib idi. Evdə bundan da yaxşı oynayıb daha çox qol vurmağa çalışacağıq”.
İqor Staseviç: "Maraqlı keçən oyunda qalib gəlmək xoş hisslərdi. Gizlətmirəm, Bakıya məhz qələbə dalınca gəlmişdik. Rəqibi təhlil etmişdik, güclü və zəif cəhətlərini bilirdik. Ona görə də daha çox pressinq etməklə onlara topla rahat rəftar etmək imkanı vermirdik. Vurduğumuz qol da pressinq sayəsində oldu. Hesabı açandan sonra gücümüzü qorumaqla daha çox müdafiəyə önəm verməyə başladıq. Bilirdik ki, “Qarabağ” üstümüzə gələcək. Ona görə də fasilədən sonra üstünlük onların tərəfinə keçdi, qol vəziyyətləri yaratdılar. Səfər oyununda əla nəticədi. Amma bu bizi arxayınlaşdıra bilməz. Evdə bundan da yaxşı çıxış etməklə qalib gəlməyə çalışacağıq. Azarkeşlərə isə təşəkkür etmək istəyirəm. Bu gün onlar möhtəşəm idilər”.
Stanislav Draqun: “İşgüzar əhval-ruhiyyədəyəm. Heç bir qeyri-adi hadisə baş verməyib. Bu gün gücümüz çatan qədər oynadıq və cavab görüşünə hazırlaşacağıq. Elə bir sevinc hissi yoxdu. Faktiki hələ heç nə bitməyib. İlk yarıda daha yaxşı oynadıq. Çox vacib qol vurduq və rəqibə irəlidə əl-qol açmağa imkan vermədik. Yaxşı hücumlar və əks-hücumlar qururduq, müdafiədə savadlı oynayırdıq. “Qarabağ”ın isə səviyyəli futbolçuları, güclü məşqçisi var – meydan sahibləri fasilədən sonra məntiqə uyğun olaraq hesabı bərabərləşdirmək üçün irəi atıldığından işimiz çətinləşdi. Duruş gətirə bildiyimizə görə oyundaşlarıma minnətdaram. Mənim qolum? Yaxşı alındı. Siqneviçlə birgə savadlı, sinxron şəkildə rəqibin mərkəz müdafiəçilərinə pressinq etməyə başladıq, səhvə məcbur etdik. Staseviç topu ələ keçirib Siqneviçin cinahla irəliləməsinə şərait yaratdı. O isə elə gözəl ötürmə etdi ki, mənə yalnız boş qapıya düşmək qalırdı. Bu qolu xanımıma və indi müəyyən sağlıq problemləri yaşayan qızıma həsr edirəm. Dəqiq zərbəmin və BATE-nin qələbəsinin onlara müsbət emosiyalar bəxş edəcəyinə əminəm. “Borisov-Arena”da hər şey ağ vərəqdən başlayacaq. Azərbaycanlılar sona qədər döyüşəcək. Ancaq biz də “doğma divarlar” arasında daha məzmunlu oyun göstərmək, daha çox hücum etmək istəyirik”.
HƏBİB