“Qələbə əzmi daxilimizdə, beynimizdə olmalıdı”
Oyundan sonra hər iki baş məşqçi jurnalistlərin suallarını cavabladı. Öncə “Sabah”ın çalışdırıcısı Elşad Əhmədovla söhbətləşdik.
- Sınaq matçlarında qələbə qazanmamaq komandaya psixoloji təsir edə bilərmi?
- Bəli, bu məqam bizi narahat edir. Hələ Türkiyədə, "Alanyaspor"la yoxlama qarşılaşmasından öncə də demişdim ki, bir neçə oyundu qələbə qazanmırıq, bu seriyaya son qoymalıyıq. Yəni qələbə əzmi daxilimizdə, beynimizdə olmalıdı. Biz də qalib olmaq istəyirdik. Amma alınmadı. Çempionatın son sınağı idi. Gözəl oyun və qalibiyyət istəyirik. Demək olar ki, hücum xəttimizdə probem var, ona görə alınmır. Digər tərəfdən, bu da yaxşıdı ki, futbolular bizə nə üzərində işləmək lazım olmasıyla bağlı material verir.
- Heç olmasa, oyun planında müsbət nəsə gördüz?
- Tam yox, epizodlarla var idi. Görünürdü ki, nəsə var. Məncə, heç vaxt heç nə tam alınmır.
- Cavid İmamverdiyevin oynamamasına səbəb nə idi?
- Cavid yüngül zədə alıb. İnşallah, çempionat oyununa qədər yaxşı olsa, bizə kömək edə biləcək.
- İlk turda oynamamaq ehtimalı var?
- Həkimlərin dediyinə görə var. Amma inanıram ki, Cavid hazır olaraq oyuna çıxacaq.
- Filip İvanoviç zədədən əziyyət çəkir. Müdafiənin mərkəzində kimə şans verməyi düşünürsüz? Legionerisiz, yalnız yerli futbolçularla çətin olmayacaq?
- Ona görə İvanoviçi gətirmişdik. Ancaq o, Türkiyə toplanışında ilk oyunda zədə aldı. Demək olar, 4 qarşılaşmanın heç birində meydanda olmadı. İlk turda komandamıza kömək edə bilməyəcək və yerli futbolçulara güvənəcəyik. Ancaq zədəsi ciddi deyil, növbəti turlarda oynamasını gözləyirik.
- Son transferiniz yetərincə tanınmış futbolçu Marko Deviç oldu…
- Bildiyiniz kimi, Ukrayna millisində oynayıb, olduqca təcrübəlidi. Oyunlarını izləmişəm, fiziki hazırlıq cəhətdən heç bir problem yoxdu. Tibbi müayinədən də keçdi, bu baxımdan heç bir narahatlıq yoxdu. Öz üzərində işləyən futbolçudu. Gənc futbolçularımızın Markodan götürə biləcəkləri çox şey var. İstərdim ki, Azərbaycana elə legionelər gəlsin. Ona bir sual verin və o dəqiqə görəcəksiz ki, necə peşəkardı. Ümidliyik ki, komandanın axtardığı mərkəz hücumçusu - "9 nömrə"si olacaq.
- Deviç komanda ilə birgə təlim-məşq toplanışı keçməyib. Bu, problem olmayacaq?
- Marko təlim-məşq toplanışını keçib. Düzdü, bizimlə birgə olmayıb. Onun fiziki hazırlığından narahat idim, ancaq tibbi müayinədən sonra əmin oldum ki, hər şey yaxşıdı.
- Belə çıxır ki, Deviç uzun müddət qeyd kitabçanızda olan addı?
- Bəli. Əsl axtardığım futbolçudu. O tipli hücumçu istəyirdik, o da gəlib çıxdı. Demək olar, komandamıza uyğun futbolçudu.
- Çempionat başlayır, ilk turdakı rəqibiniz və oyunlarınızın təqvimi məlumdu. Nə gözləyirsiz? Narahat olduğunuz məqam varmı?
- Ehtiyat oyunçular skamiyamız bir az kasaddı. Daha çox gənc futbolçuları komandamıza cəlb edirik. İlk turda "Qarabağ"la, "Qəbələ"ylə də düşsəydik, yenə də oynamalıyıq. Bir qədər bəxt üzümüzə gülüb, startda liderlərlə yox, ortabab komandalarla qarşılaşacağıq. Bütün oyunlarda var gücümüzlə oynamağa çalışacağıq.
MİRAĞA