Dünən Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı. İsveçrənin Nyon şəhərində baş tutan və Bakı vaxtilə saat 14.00-da başlayan mərasimdə bu gün BATE ilə üz-üzə gələcək "Qarabağ"ın da potensial rəqibi müəyyənləşdi. Qurban Qurbanovun komandasının püşkdə bəxtinin gətirmədiyini deyə bilərik. Belə ki, BATE səddini keçəcəyi halda, ağdamlılar pley-off mərhələsinin ən arzuolunmaz komandası - Hollandiya PSV-si ilə qarşılaşacaq. Püşkə görə ilk matçda "Qarabağ" meydan sahibi olacaq. Qurban Qurbanovun komandası pley-offa adlasa və PSV ilə duel baş tutsa, belədə Azərbaycan klubları avrokuboklarda 3-cü dəfə Hollandiya təmsilçisi ilə qarşılaşacaq. Əvvəlki 2 görüş də məhz "Qarabağ"la bağlıdı. Maraqlıdı ki, hər iki halda rəqib eyni - "Tvente" olub. “Köhlən atlar” ilk dəfə Avropa Liqasının pley-offuna çıxanda - 2009-cu ilin avqustunda Enshede təmsilçisi ilə üzləşib. Hollandiyadakı matçda təmsilçimiz arıq 8-ci dəqiqədə hücumçusu Vüqar Nadirovla hesabı açsa da, sonradan 3 qol buraxaraq 1:3 hesabıyla uduzub. Tofiq Bəhramov adına Respublika stadionundakı cavab matçında isə hesab açılmayıb və hollandlar qrupa düşüb.
Bundan 4 il sonra püşk "Qarabağ"la "Tvente"ni yenidən Avropa Liqasının pley-off mərhələsində rəqib edib. Mərkəzi arenamızda baş tutan matç yenə qolsuz bərabərliklə yekunlaşıb. Bu dəfə cavab matçı Hollandiyada olub və 1:1 hesablı heç-heçə qeydə alınıb. Makedoniyalı yarımmüdafəçi Muarem Muarem 51-ci dəqiqədə hesabı bərabərləşdirməklə tarixi qola imza atıb. "Qarabağ" səfər qoluyla cütün qalibi kimi tarixində ilk dəfə qrupa düşüb.
Qeyd edək ki, ÇL-də pley-off-un ilk oyunları avqustun 21-22-də, cavab görüşləri isə 28-29-da keçiriləcək.
Çempionlar yolu
Srvena Zvezda (Serbiya)/Spartak (Trnava, Slovakiya) cütünün qalibi - Zaltsburq (Avstriya)/Şkendiya (Makedoniya) cütünün qalibi
Qarabağ/BATE cütünün qalibi - PSV (Hollandiya)
Malmö (İsveç)/Videoton (Macarıstan) cütünün qalibi - Seltik (Şotlandiya)/AEK (Yunanıstan) cütünün qalibi
Yanq Boyz (İsveçrə) - Astana (Qazaxıstan)/Dinamo (Zaqreb, Xorvatiya) cütünün qalibi
Liqa yolu
Benfika (Portuqaliya)/ Fənərbaxça (Türkiyə) cütünün qalibi - PAOK (Yunanıstan)/Spartak (Moskva, Rusiya) cütünün qalibi
Slaviya (Praqa, Çexiya)/Dinamo (Kiyev, Ukrayna) cütünün qalibi - Standard (Belçika)/Ayaks (Hollandiya) cütünün qalibi
Püşkatma nəticəsində Avroliqadakı potensial rəqib də müəyyənləşib. Belə ki, Avroliqanın Çempionlar Yolunda "səpələnmişlər" səbətində yer alan "Qarabağ" - BATE cütünün məğlubu "Şerif" (Moldova) - "Valyur" (İslandiya) cütünün qalibinə rəqib olub. Püşkə görə təmsilçimiz ilk oyununa səfərdə çıxacaq.
Maraq üçün qeyd edək ki, "Qarabağ" ötən mövsüm ÇL-də məhz "Şerif"i (evdə 0:0, səfərdə 2:1) yenərək, futbol tariximizdə bu turnirdə pley-offa çıxan ilk komanda olub.
Avropa Liqasında pley-off oyunları avqustun 23-ü və 30-da keçiriləcək.
MİRAĞA