Ukrayna premyer-liqasında 3-cü turun oyunları keçirilib.
Pavel Paşayevli “Aleksandriya” səfərdə “Desna” ilə qarşılaşıb. Qonaqlar bu oyunda 2 cavabsız qolla qalib gəlib. Paşayev start heyətində meydana çıxıb və əvəzlənməyib. Geridə qalan turlarda maksimum nəticə göstərən “Aleksandriya” Kiyev “Dinamo”su ilə birgə 9 xalla zirvəyə şərikdi.
Almaniyanın 2-ci bundesliqasında yeni mövsümə start verilib. Dmitri Nazarovun formasını geydiyi “Ertsgebirge” ilk turda “Union Berlin”in qonağı olub. Aue təmsilçisi səfərdən əliboş dönüb (0:1). Milli üzvü ilk “11-lik”də meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib.
Çexiyanın futbol üzrə gənclər liqasında 3-cü turun matçları baş tutub. Fərid Nəbiyevin şərəfini qoruduğu “Slaviya” səfərdə “Mlada Boleslav”la üz-üzə gəlib. Qonaqlar 2:3 hesablı məğlubiyyətə üzülüb. Nəbiyev meydana start heyətində çıxıb və sonadək mübarizə aparıb. “Slaviya”nın U-21 komandası hazırda 3 xalla 12 komanda arasında 7-ci pillədədi.
Qazaxıstan çempionatında isə 21-ci turun oyunları reallaşıb. "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı, yığmamızın üzvü Riçard Almeydanın şərəfini qoruduğu “Astana” növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Aktobe” ilə qarşılaşıb və qollu heç-heçə (1:1) qeydə alınıb. Almeyda matçı əvəzlənmədən keçirib. "Astana" 54 xalla çempionatın vahid lideridi.
Almaniyanın 3-cü liqasında 2-ci tur çərçivəsində Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” doğma meydanda “Karl Tseyss” ilə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Rüfət start “11-lik”də meydana çıxıb və fasilədə əvəzlənib. Hazırda “Proyssen” 3 xalla 7-ci pillədə qərarlaşıb.
FARİZ