Natalya Məmmədova hələ də milliyə qoşulmayıb
Qadınlardan ibarət voleybol yığmamız payızda Yaponiyada keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir. Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışı keçən millimiz haqda məlumat əldə etmək üçün baş məşqçi Faiq Qarayevin köməkçisi Famil Ağayevlə əlaqə saxladıq: “İyulun 18-dən burda toplanış keçirik. Avstriya ilə məşq etmişik. Buna tam oyun da demək olmazdı. 3:0 qalib gəldik. Ümumilikdə komandada vəziyyət yaxşıdı. Hazırlıq plan üzrə gedir. Gündə iki dəfə məşq edirik. Qarşıda bizi yoxlama oyunları gözləyir. Sloveniya və Xorvatiya yığmalarıyla görüşlərin baş tutması mümkündü. Bu komandalar da Mariborda toplanış keçir. Avqustun 16-da vətənə qayıdacağıq. Bolqarıstan ölkəmizə səfər edəcək. Onlarla iki-üç yoxlama oyunu keçirəcəyik. Sonrakı plan isə Bakıya qayıtdıqdan sonra müəyyənləşəcək”.
Milli toplanışda tam heyətlə iştirak etmir. Aparıcı oyunçulardan Natalya Məmmədova hələ də düşərgəyə qoşulmayıb. Olmaya 34 yaşlı hücumçu yenidən yığma karyerasını başa vurmaq qərarına gəlib? Ağayevi dinləyək: “Natalyanın yığmada olmasını biz də istəyirik. Komandaya kömək edə biləcək voleybolçudu. Hələ onun nə vaxt milliyə qoşulacağını bilmirik. Amma gəlişini gözləyirik. Ümumiyyətlə, yığmaya gəlib-gəlməyəcəyini bilmirəm”.
Xatırladaq ki, sentyabrın 29-dan oktyabrın 20-dək davam edəcək mundialda Qarayevin yetirmələri C qrupunda Rusiya, ABŞ, Trinidad və Tobaqo, Tayland və Koreya ilə münasibətləri aydınlaşdıracaq.
SƏRXAN