
Basketbolçular şeytanın qıçını qırdı
Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan 18 yaşadək basketbolçuların Avropa çempionatının B divizionunda mübarizə yekunlaşmaq üzrədi. B qrupunda bütün oyunları məğlubiyyətlə başa vuran yığmamızın işinə birgünlük istirahət yarayıb. Belə ki, millimiz təsəlliverici yerlər uğrunda ilk oyunda çətinliklə də olsa, Rumıniyaya qalib gəlib – 62:61 (21:9, 12:13, 13:16, 16:23). Bu uğurda türkiyəli legionerlər əsas pay sahibi olublar. Yunan-Roma güləşi yığmamızın baş məşqçisi Şaban Donatın oğlu Saadəttin Donat 22, toppaylayıcı Ömər Doruk Suder isə 21 xalla qələbənin təməlini qoyub. Kamran Məmmədov 11, Şirzad Şirzadov 6, Cəbrayıl Əkbərov 2 xal toplayıb. Rəqibin heyətində Marku-Trayan Badu 16 xala sevinib.
Beləliklə, Samit Nuruzadənin yetirmələri minimum tapşırığı yerinə yetirərək, B divizionunda mövqeyini qoruyub. Ancaq mübarizə hələ davam edir. Basketbolçularımız bu gün Danimarkaya 85:54 hesabıyla qalib gələn Makedoniya ilə münasibətləri aydınlaşdıracaqlar. Bu oyun 17-20-ci yerlər uğrundadı. Qarşılaşma Bakı vaxtı ilə 15.15-də başlayacaq və FİBA-nın “yutub” səhifəsindən canlı yayınlanacaq.
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.