Rəşad Eyyubov: “Nə Messi, nə də Ronaldoyam”
"Keşlə” ilə yoldaşlıq oyunundan (2:0) sonra ikigünlük fasiləyə buraxılan “Neftçi” yeni mövsümün hazırlığını bərpa edib. Yalnız iki futbolçu məşqlərdə iştirak etmir. Bunlar zədəli Namiq Ələsgərovla Ruslan Abışovdu. Qeyd edək ki, flaqman avqustun 4-də əvəzediciləri ilə yoxlama matçında qüvvəsini sınayacaq.
Bu arada paytaxt klubunun müdafiəçisi Rəşad Eyyubov klub saytına müsahibə verib. “Ağ-qaralar”ın hazırlığı haqda danışan 25 yaşlı futbolçunun fikirlərini qısaca da olsa, diqqətinizə çatdıraq: “Mövsümün əvvəli olduğu üçün məşqlər bir qədər çətin keçir. Amma ən ağır yükləmələr artıq geridə qalıb. Buna görə də bir az rahat nəfəs ala bilərik. Yaxşı oyunları tez unutmaq lazımdı, pis oyunları isə bundan da daha erkən. Əlbəttə, “Uypeşt”lə matçı tam yaddan çıxarmaq mümkün deyil. Həmin oyunu təhlil etdik, səhvlərimizi gördük. Söhbət həm fərdi, həm də komanda səhvlərindən gedir. Təhlilin nəticələri? Qoy, bunlar komandanın daxilində qalsın. Bəzi şeylər var ki, onları kiçik sirr kimi saxlamaq lazımdı. Növbəti mövsümün ilk turunda "Sumqayıt”la qarşılaşacağıq. "Sumqayıt”da keçirdiyim vaxta görə o kluba həmişə minnətdar olacam. Amma indi "Neftçi”nin futbolçusuyam və bu komandanın uğurları üçün vuruşacam”.
Eyyubov çempionluq hədəfi haqda bunları deyib: “Bilirsiz, gözəl şüarlar mənim də xoşuma gəlir, amma gəlin realist olaq. Biz hər bir oyunu düşünməliyik. Qarşımızda "Sumqayıt” səfəri var. Deməli, hazırda ən vacib məsələ onlara qalib gəlməkdi. Sonra növbəti oyunu fikirləşmək və yavaş-yavaş öz məqsədinə çatmaq lazımdı. Mövsümün sonunda nə olacağını isə indidən demək düz olmaz. Komandadaxili sağlam rəqabətə gəlincə, mən bundan nəinki çəkinirəm, hətta rəqabəti xoşlayıram. Əvvəla, bu, adamı öz üzərində daha çox işləməyə məcbur edir. İkincisi, təvazökarlıqdan uzaq olsa da, ötən mövsüm öz mövqeyimdə ən yaxşılardan idim. Milliyə çağırıldım, "Neftçi”yə dəvət olundum. Bəli, mən nə Messi, nə Ronaldoyam, hər oyunda 3-4 qol vurmayacam. Amma məşqçilərə də, azarkeşlərə də söz verirəm ki, hər top uğrunda mübarizə aparacam. Ən güclü tərəfim mübarizlikdi. Qalan şeylərlə bağlı isə məşqçi heyəti qərar verəcək”.
Yeri gəlmişkən, "Neftçi" 2018/19 mövsümü üçün sifariş vərəqini PFL-ə təqdim edib. Siyahıda 21 futbolçu yer alıb: qapıçılar - 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 94. Rəşad Əzizli; müdafiəçilər - 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Slavko Braliç, 77. Elvin Sərkərov; yarımmüdafiəçilər - 4. Rəşad Eyyubov, 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Dario Federiko, 17. Rəhman Hacıyev, 93. Soni Mustivar; hücumçular - 9. Baqali Dabo, 11. Kvame Karikari, 22. Mirabdulla Abbasov.
FARİZ