Nedzipi də “göylə gedənlərdən” idi...
Dünənki oyun ərəfəsində vaxtilə “Qarabağ”ın şərəfini qorumuş, hazırda isə “Kukesi”nin idman direktoru vəzifəsində çalışan Nderim Nedzipi ölkəsində “Panorama Sport” qəzetinə müsahibə verib. Cavab görüşü ilə bağlı şansları dəyərləndirən “Kukesi”nin idman direktoru ağdamlıların ünvanına xoş sözlər səsləndirməklə yanaşı, rəhbərliyində təmsil olunduğu komandanın da mərhələ keçmək şansının olduğunu bildirib.
- “Kukesi” ən vacib oyununda sabiq komandanızla qarşılaşacaq. Nə gözləyirsiz?
- Bu hamımız üçün xüsusi görüşdü. 20-25 min azarkeş önündə çıxış edəcəyik. Bilirik ki, Bakıda qonaq komandanın işi çox çətin olur. Çünki “Qarabağ”a böyük azarkeş dəstəyi var. İlk görüşü sərfəli nəticə ilə tamamladıq və Bakıya ümidli gəldik. Yəni heç nə itirməmişik. “Qarabağ” istənilən halda favoritdi. Ancaq biz də keyfiyyətli komandayıq. Qol vurmaq çox önəmlidi. Futbolçular özlərinə və kollektivə güvənirlər. Hamımız bu işin öhdəsindən gələcəyimizə inanırıq.
- “Qarabağ”da çoxlu dostlarınız var. İlk görüşdən sonra onlar nə danışırdılar, “Kukesi”nin oyunundan təəccüblənmişdilər?
- İllər sonra çox insanla görüşdüm. Onlara yaratdığımız şəraitdən məmnun qaldılar. Qələbə qazanacaqlarını gözləyirdilər, lakin önlərində güclü “Kukesi” gördülər. Artıq bilirlər ki, məqsədə çatmaq üçün daha çox iş görməlidilər.
- 0:0 hesabı yaxşı nəticədi. Ancaq cavab görüşü Bakıda keçiriləcək. “Kukesi”nin azərbaycanlıları keçmək şansı varmı?
- İlk oyunda qapımızın toxunulmazlığını qorusaq da, qol da vura bilmədik. Bakıya 1:0 hesabıyla öndə yollansaydıq, pis olmazdı. İstənilən halda qol vurmalı və “Qarabağ” önündə yaxşı nəticə əldə etməliyik. Prezidentdən tutmuş bütün oyunçulara qədər hamımız inanırıq. “Qarabağ”ın gücündən xəbərdarıq, ancaq onları keçməyin mümkün olduğunu da bilirik.
- Albaniyadakı matçdan sonra dostunuz Ansi Aqolli nə dedi?
- Ansi ilə çox söhbət etmək imkanım olmadı. Çünki ölkə xaricinə getməli oldum. Ancaq Bakıda görüşməyə vaxtımız olacaq. Ansi bildirdi ki, “Kukesi” zəif komanda deyil.
- “Qarabağ”ın evdə necə oynadığını bilirsiz. Bununla bağlı baş məşqçiyə və futbolçulara məsləhət vermisiz?
- “Qarabağ”ı dayandırmaq və kənarlaşdırmaq üçün hər şeyi edəcəyik. Onların həm komandasını, həm də baş məşqçisini çox yaxşı tanıyıram. “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında illərdi böyüyür. Futbolçularımıza güvənirəm və ümid edirəm ki, rəqibi təəccübləndirəcəyik. Olduqca isti hava şəraitində ağır oyun olacağını deyiblər. Bilirik ki, rəqib qol vurmaq üçün hücuma atılacaq. Bunun müsbət və mənfi fəsadları ola bilər. Öz strategiyamıza uyğun oynayacağıq. Reginaldo tam formada olmasa da, ondan çox şey gözləyirik.
- Azərbaycan mətbuatı, futbol ictimaiyyəti vurğulayır ki, “Qarabağ”ın sabiq futbolçusu hazırda “Kukesi”nin rəhbərlərindən biridi və komandamızı dayandırmaq istəyir. Azərbaycanlı dostlarınızın bu fikrinə münasibətiniz necədi?
- Bilirəm ki, maraq var. Ancaq bizim üçün oyun ön plandadı. Onların bizimlə maraqlanmasına çox sevinirəm, çünki özümüzü dəyərli hiss edirik. “Qarabağ”da ilyarım futbol oynadım və çox dost qazandım.
- Mükafatı aldıqdan sonra komandada vəziyyət necədi?
- Düşərgədə atmosfer çox yaxşıdı. “Valletta” ilə matçdan sonra prezidentin söz verdiyi mükafat paylanılıb. Komandada gün keçdikcə hər şey yaxşıya doğru gedir. Futbolçularda motivasiya çox yüksəkdi və bu hədəfə çatmaq yolunda böyük stimul olacaq.
RƏŞAD hazırladı