“74-cü dəqiqədə Miçelə sarı vərəqə göstərilməliydi”
“Qarabağ” – “Kukesi” matçının baş hakimi Peter Kraloviçin idarəçiliyi xüsusən albanları razı salmadı. Ancaq slovakiyalı ədalət təmsilçisi oyunun nəticəsinə təsir edən ciddi səhvə yol vermədi. Təbii, hakimlikdən danışırıqsa, ilk növbədə üç penaltini və qırmızı vərəqəni yada salmalıyıq. İlk iki 11 metrlik cərimə zərbəsi ilə bağlı mübahisə etmək yersizdi. 24-cü dəqiqədəki penalti epizodunda qapıçı Emeqaranın ayağından dartmışdısa, 53-cü dəqiqədəki vəziyyətdə müdafiəçi topun qarşısını əllə kəsmişdi. Buna görə Albi Allaya göstərilən “qırmızı” da haqlı qərar idi. Əslində 3-cü penalti üçün də “yox idi” ifadəsini işlətmək düzgün olmaz. Sadəcə, hakim güzəşt edə bilərdi. Fakt isə budu ki, Emeqaraya arxadan toxunuş var idi və FİFA referisi heç bir tərəddüdsüz 11 metrlik cərimə zərbəsi təyin etdi. Digər epizodlara gəlincə, Slavçevə mübahisəli sarı vərəqə verən, 29-cu dəqiqədə qonaqların əleyhinə yanlış korner təyin edən, Qaranın 37-ci dəqiqədə topu rəqibdən qaydalardan kənar şəkildə almasına göz yuman hakimin işini saf-çürük etmək olar.
Kraloviçin idarəçiliyi ilə bağlı sabiq FİFA referisi Anar Salmanovun fikirlərini öyrəndik: “Slovakiyalı bizə tanış referidi. Bildiyiniz kimi, bu hakim U-17-lərin ölkəmizdə keçirilən Avropa çempionatında oyunlara təyinat alıb. Həmin vaxt mən onlarla işləyirdim. Futbolu bilən haklimdi. Özü də iki ilə yaxın peşəkar şəkildə futbol oynayıb. Oyuna gəlincə, Kraloviçin fiziki hazırlığı ona imkan verirdi ki, bütün epizodlara yaxın olsun. Qayda pozuntularının yozumu və tətbiqinə gəlincə, burda da işinin öhdəsindən gəldi. Penalti epizodlarında da bunun şahidi olduq. Komanda işi də yaxşı qurulmuşdu, köməkçiləri ilə heç bir fikir ayrılığı olmadı. Oyundankənar vəziyyətlər zamanı da hansısa səhv görmədik. 23-cü dəqiqədə qapıçıya “sarı” göstərilməməsi və penalti qərarı doğru idi. İkinci 11 metrlik cərimə zərbəsi də düzgün təyin edildi. Rəqibi aşkar qol vəziyyətindən məhrum edən oyunçuya qırmızı vərəqə göstərilməliydi. Kraloviç də bunu etdi. 56-cı dəqiqədə verilən penalti də düz idi. “Kukesi”nin oyunçusu Emeqaraya qarşı düşünmədən qaydanı pozdu. Hakim də bunu penalti və “sarı” ilə qiymətləndirməklə doğru qərar vermiş oldu. Bəziləri düşünə bilər ki, orda “qırmızı” verməliydi. Ancaq “Kukesi”nin oyunçusunun fikri Emeqaraya çatmaq idi, ayağına ilişdi. Ona görə də “sarı” doğru qərar idi. Vərəqələrlə bağlı təkcə bir problemi qeyd etməliyəm. 74-cü dəqiqədə Miçelə sarı vərəqə göstərilməliydi. Ancaq referi digər epizodlara yaxın idi. Görünürdü ki, hakimi hakim kimi qəbul ediblər. Yəni futbolçular üçün avtoritet hakim idi. Oyunun “ip”i slovakiyalının əlindəydi. Çətin 3 penalti anını nəzərə alsaq, mən hakimə 8,5 qiymət verərdim. Açar epizodlarda doğru qərar verdi. Meydan sahiblərinə hər hansı simpatiyadan söhbət gedə bilməz. Hakim oyunu qaydalar çərçivəsində idarə etdi. Simpatiya o deməkdi ki, 50-nin 50-yə olan epizodlarda meydan sahiblərinin xeyrinə qərar versin. Lakin belə bir şey yox idi. Yüzfaizlik penaltilər idi və təyin etdi. Məncə, oyunun öhdəsindən çox yaxşı gəldi”.
FARİZ