“O postu bu ilin sonunadək tərk edəcəksən, Məmmədov!”
AFFA-nın baş katibi Elxan Məmmədov “Xan Lənkəran”a məktub göndərib. Məktubda ümidverici bir şey yoxdu. Məmmədov iyulun 24-də AFFA İcraiyyə Komitəsinin verdiyi qərarı xatırladaraq, “ağ-yaşıllar”ın bu mövsüm 1-ci divizionda oynamasının mümkünsüzlüyünü qeyd edib. Buna dərhal klubdan reaksiya verilib. Yayılan bəyanatı qısa ixtisarla diqqətinizə çatdırırıq:
“Məktubdan aydın olur ki, bütün cəhdlərimizə rəğmən, assosiasiya rəhbərliyinin "Xan Lənkəran"a qarşı tutduğu qərəzli mövqe dəyişməyib.
Bu məktuba istinadla bildiririk ki, AFFA-nın klubumuzla bağlı yol verdiyi kobud hüquq pozuntularına qarşı tədbirlər planına start veririk.
Beynəlxalq futbol qurumlarının hüquq normativləriylə peşəkar futbol klubu statusu ilə fəaliyyətə başlayan kommersiya təşkilatları, ictimai birliklərin peşəkarlıq əsasları araşdırılmalı, onların fəaliyyətinə şərait yaradılmalıdı. Peşəkar futbol klubunun fəaliyyətinin başlıca əsası isə təsis edildiyi ölkənin uyğun peşəkar statuslu müsabiqəsində iştirakdı. Heç bir halda peşəkar futbol klubunun bu tip yarışda iştirakla bağlı müraciətinə baxılmaya bilməz və bu hüququ əngəlləyən qərarı ölkənin ali futbol qurumunun icraedici orqanı olan İcraiyyə Komitəsi verə bilməz. Bu AFFA-nın öz nizamnaməsini pozması, beynəlxalq futbol qurumları qarşısında öhdəliklərini yerinə yetirməməsi və İcraiyyə Komitəsinin səlahiyyətlərini aşması faktıdı.
"Xan Lənkəran"ın İdarə Heyətinin sədri Rəsul Şükürsoy ötən həftə AFFA-nın inzibati binasında keçirdiyi görüşdə mövzu ilə bağlı çözümçü mövqedən çıxış edib. Lakin gördüyümüz qədəri ilə hüquq yollarına baş vurmaqdan başqa yol saxlanılmır. "Xan Lənkəran" lazımi hüquqi addımlarla bağlı vəkillərlə sənədləşdirmə işlərinə başlayır. Bu tədbirlərdən sonra AFFA-nın alacağı sanksiyaların məsuliyyəti birbaşa baş katibin və bu absurd qərara səbəb olanların öhdəsindədi. Klubun gələcək fəaliyyəti ilə bağlı yaxın günlərdə vaxtı elan ediləcək hissədarlarla iclasda qərarlar qəbul ediləcək”.
Sonda onu da qeyd edək ki, Şükürsoy “feysbuk” səhifəsində bəyanatı paylaşdıqdan sonra bunları yazıb: “O postu bu ilin sonunadək tərk edəcəksən, Məmmədov! Bu da mənim sözüm olsun!”
SƏRXAN