Dünən İsveçrənin Biel şəhərində keçirilən şahmat festivalı başa çatıb. Elit qrossmeysterlərin çıxış etdiyi “Accentus” turnirinin sonuncu - 10-cu turunda bir gün əvvəl çempionluğu rəsmiləşdirmiş Şəhriyar Məmmədyarov (2801) qara fiqurlarla Pyotr Svidlerlə (Rusiya, 2753) heç-heçə edib. Maqnus Karlsen (Norveç, 2842) Niko Georgiadisə (İsveçrə, 2526), Maksim Vaşye-Laqrav (Fransa, 2779) isə David Navaraya (Çexiya, 2741) qalib gəlib.
Yekun sıralama: 1. MƏMMƏDYAROV – 7,5, 2. Karlsen - 6, 3. Vaşye-Laqrav – 5,5, 4. Svidler – 5,5, 5. Navara – 4, 6. Georgiadis – 1,5.
“Main” turnirinin sonuncu - 9-cu turunda isə Türkan Məmmədyarova (2309) qara fiqurlarla Jules Mussarda (Fransa, 2559) uduzub. Şəhriyarın bacısı 5 xalla 47-ci yeri tutub.