“İldə bir-iki yarışa qatılmaqla “artırmaq” mümkün deyil”
Elit idman növü olan tennislə ölkəmizdə ilk dəfə 1907-ci ildə məşğul olublar. Hər halda, həmin il tennis kortunun Suraxanıda neft milyonçusu Alfred Nobelin bağında qurulması belə düşünməyə əsas verir. Bu növ üzrə ilk ölkə çempionatı isə 20 il sonra keçirilib. 1928-də tennis yığmamız ilk dəfə beynəlxalq yarışda iştirak edib. Ötən əsrin 50-80-ci illəri tennisimizin ən uğurlu dövrü sayılır. Bu dövrdə kişilərdən Sergey Lixaçov, qadınlardan isə Yevgeniya Biryukova daha çox tanınıb. 17 qat ölkə çempionu Lixaçov hətta 1958-74–cü illərdə dünya tennisçiləri arasında top-10-a daxil ola bilib. Onu cüt oyunların kralı sayırdılar. 1995-də Tennis Federasiyası (AzTF) təsis edilib. 2004-dən Milli Məclisin sədri Oqtay Əsədov AzTF-nin prezidentidi. 2000-ci illərdə Emin Ağayev, Fərid Şirinov, Fəxrəddin Şirinov, Ramin Hacıyev və Tələt Rəhimov yığmamızın tərkibində beynəlxalq yarışlarda çıxış edib. Bakı Tennis Akademiyası (BTA) açılandan sonra burda beynəlxalq yarışlar keçirməyə başlayıblar. Bunlardan ən məşhuru WTA seriyalı “Baku Cup” idi. Ancaq qadınların turniri cəmi 5 il davam etdi. Bir neçə il əvvəl baş qaldıran tennis bumundan indi əsər-əlamət yoxdu.
Bu yaxınlarda BTA-da keçirilən “Həmrəylik” turnirində cütlük yarışında finala yüksələn Züleyxa Səfərovanın şəxsi məşqçisi Tələt Rəhimovdu. Yəni veteran hakim Rüstəm Rəhimovun oğlu. Dünən Tələt bəylə tennisin durumuyla bağlı danışdıq:
- Züleyxanın bu yarışdakı çıxışından razı qaldız?
- Bəli. Cütlük yarışında Rusiyadan olan tennisçiylə birgə finala çıxdı. Finalda da yaxşı oynadılar. O daha öncə “Baku Cup”da da iştirak edib. Heydər Əliyev adına beynəlxalq turnirin qalibi olub. Ancaq lazımdı ki, davamlı yarışlarda iştirak eləsin. Tennisdə belədi ki, demək olar, hər həftə turnirlərə qatılasan. Bunun üçün də sponsora ehtiyac var. Federasiya sırf inventarla təmin edir. Nazirlik isə ildə bir-iki yarışa göndərir. Gürcüstanda keçirilən yarışlara tennisçilərimiz öz hesabına yollanır. Orda yaxşı turnirlər olur. Avropadan güclü tennisçilər gəlir. Ancaq ildə bir-iki yarışa qatılmaqla “artırmaq” mümkün deyil. İldə 22-25 turnirdə mübarizə aparmalıdılar.
- Bir neçə il əvvəl tennisə daha çox diqqət göstərirdilər...
- Bəli. Hətta İspaniyadan məşqçi də gətirmişdilər.
- Kamilla Fərhad niyə karyerasını erkən başa vurdu?
- Gördü ki, nəticə qazanmaq çox çətindi. Dünyada tennislə məşğul olan çoxdu. Rəqabət güclüdü. İlk “100-lüy”ə düşməlisən ki, burdan qazanc əldə edə biləsən, normal tennis oynayasan. Əks halda, tennis izafi pul xərcindən başqa bir şey deyil.
- Ümumiyyətlə, tennisdə daha çox imkanlı ailələrin övladları uğur qazanır...
- Yüz faiz belədi. Çünki belədə xərcləri qarşılamaq olur. Nə qədər istedadlı olsan da, yarışa getməsən, uğur qazana bilməyəcəksən.
- Futbolu yox, tennisi seçməyinizin səbəbi nədi?
- 12 yaşıma kimi paralel hər iki növlə məşğul olmuşam. “Neftçi”də futbolun sirlərinə yiyələnmişəm. Ancaq futbolda yox, tennisdə yarışlara qatılırdım deyə bu növ mənə daha cəlbedici göründü və futboldan uzaqlaşdım. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev bir neçə il əvvəl yarışlara səfərlərim üçün maddi dəstək olurdu. 10 qat ölkə çempionu olmuşam. Yığmamızın tərkibində B kateqoriyalı “Deyvis” kubokunda çıxış etmişəm. Bizim vaxtımızda tennisçilərimiz daha güclü idi. Çünki İspaniyada yerləşən akademiyada “artırırdılar”. Ən yaxşı oyunçumuz Emin Ağayev idi. Vaxtilə ən yaxşı 200 tennisçi arasına daxil olmuşdu. Hazırda Monakoda yaşayır və orda məşqçilik edir. Həm də Novak Cokoviçin sınaqçı-rəqibidi.
- Neçə ildi məşqçiliklə məşğul olursuz?
- 7 ildi. Sonuncu dəfə Türkiyə klubunda oynamışam. Ondan sonra məşqçiliyə başladım. Bilirsiz, tennisi inkişaf etdirmək üçün idmançılarımız xarici akademiyalarda yer almalıdı. Dünyada ən güclü tennis akademiyası Parisdə yerləşən “Muradoğlu” akademiyasıdı. İstedadlı tennisçilər ödənişsiz qəbul olunursa, başqaları müəyyən qədər vəsait ödəyir. Aylıq ödəniş 7 min avrodu.
- Bizdə belə istedadlı tennisçi var?
- Bu sual yerinə düşdü. Bizdə güclü yeniyetmə tennisçi var. Tamerlan Əzizov hazırda 14 yaşadək tennisçilər arasında Avropada ilk “100-lük”dədi. Çox yaxşı oynayır. Avropada onu yaxşı tanıyırlar. Rusiya yığmasının məşqçiləri də onu görüb və çox bəyənirlər. Təəssüf ki, sponsor olmadığından yarışlara müntəzəm qatıla bilmir. Mən əlimdən gələn yardımı edirəm. Bir nəfər maddi dəstək verəcəyini deyib. Ancaq hələ ki ondan bir xəbər yoxdu. Alınsa, onu xaricə akademiyaya göndərəcəm.
- Bəs ölkə daxilində hansı yarışlar keçirilir?
- Yalnız ölkə çempionatı. Əvvəllər paytaxt birinciliyi var idi. Ancaq ləğv ediblər. Ölkəmizdə ancaq Bakı Tennis Akademiyasında bu idman növüylə məşğul olurlar. Kommersiya məqsədli klublarda isə həvəskar şəkildə məşğul olanlar var.
- Deyilənə görə, Oqtay Əsədovun nəvəsi də tennislə məşğul olur?
- Bəli, Rəsul Qocayevin 17 yaşı var. Universitetə hazırlaşdığından indi az məşq edir.
- Hərdən təəssüflənirsizmi ki, kaş futbolda yoluma davam edəydim?
- Qətiyyən. Bilirəm ki, tennisimiz nə vaxtsa güclənəcək. Telekanallarda bu idman növünün daha çox təbliğinə ehtiyac var. İnsanlarımızın tennisdən yaxşı başı çıxmır. Elə bilirlər ki, bir-iki yarışa gedən kimi uğur qazanmalıdılar. Belə deyil. Bunun üçün çox çalışmaq və təcrübə qazanmaq vacibdi. Yaxşı olardı ki, TV-lər “Böyük Dəbilqə” turnirlərini nümayiş etdirsin ki, bu sahəyə də diqqət artsın.
- Məşqçilərimizin səviyyəsi necədi?
- Güclü mütəxəssis olmaq üçün daim öz üzərlərində işləməlidilər. Mən imkan düşdükdə xaricdəki seminarlara qatılıram. Oktyabrda bu məqsədlə “Muradoğlu” akademiyasına yollanacam. Orda konfrans olacaq.
SƏRXAN