
Albanlar penalti seriyasını da məşq edib
Bu gün Çempionlar Liqasının cavab görüşündə “Qarabağ”la üz-üzə gələcək “Kukesi”nin yarımmüdafiəçisi Besar Musoli Bakıya səfər ərəfəsində ürəyini Albaniya mətbuatına boşaldıb. 29 yaşlı futbolçu səfərdə sərfəli nəticə qazanacaqlarına inandıqlarını bildirib: “Oyuna hazırlıq zamanı qapının təhlükəsizliyi üzərində çox çalışdıq. Ancaq təkcə müdafiə olunmayacaq, əks-hücumlara atılmaq riskini də göz önünə alacağıq. Müəyyən dərəcədə məqsədimizə çatdığımızı deyə bilərəm. İlk görüşdə istədiyimizi aldıq. Amma indi daha güclü “Qarabağ” gözləyirik. Digər tərəfdən təzyiq rəqibin üzərində olacaq. Biz eyni formada çıxış edəcəyik. Üstünlük əldə etmək üçün qol vurmağa çalışacağıq. Xəyalımız qrup mərhələsidi. Hazırda Çempionlar Liqasında mübarizə aparırıq. Bu turnirdə bacardığımızı ortaya qoymaq, daha sonra Avropa Liqasındakı vəziyyətə baxmaq istəyirik”.
Albanların baş məşqçisi Armando Kunqu isə işini ehtiyatlı tutaraq, cavab görüşü ərəfəsində evdə keçirilən son məşqdə yetirmələrini penalti zərbələri üzərində də çalışdıb. Bu haqda da Albaniya mətbuataı xəbər yayıb.
Vipsport.al portalı isə daha maraqlı xəbər paylaşıb. Yazılanlara inansaq, “Qarabağ”ın bugünkü rəqibi tezliklə iki aparıcı futbolçusunu itirəcək. Belə ki, “Keşlə”yə yeni baş məşqçi təyin olunan Mladen Milinkoviç vaxtilə rəhbərliyi altında çıxış etmiş mərkəz müdafiəçisi Rustem Noxa və yarımmüdafiəçi Valon Eteminin xidmətində maraqlıdı. Serbiyalı mütəxəssis albanların “Qarabağ”la oyun üçün Bakıya gəlməsindən yararlanaraq, onlarla görüşüb bu keçidə razı salmağa çalışacaq.
RƏŞAD