Stadionda anşlaq olması mümkündü
"Qarabağ" - "Kukesi" matçının biletləri iyulun 24-dən satışa çıxarılıb. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın ən ucuz bileti 1 manatdı. Digər biletləri sektorlara uyğun olaraq 2, 3, 5 və 10 manata almaq olar. VİP biletlərin qiyməti isə 50 manatdı. Həmçinin biletləri onlayn şəkildə iTicket.az saytından və 9 satış məntəqəsindən əldə etmək mümkündü. Dünən axşam saatlarında bilet satışı ilə bağlı durumu öyrənmək üçün Respublika stadionuna üz tutduq. Bircə nəfər də alverçi gözümüzə dəymədi. "Qara bazar"ın bu gün peydə olub-olmayacağını indidən demək olmaz. Kassanın önündə olduğumuz vaxt İTV-nin əməkdaşları da bilet satışından reportaj hazırlayırdı. Əvvəlcədən də bəlli olduğu kimi, biletlər yalnız şəxsiyyət vəsiqəsi ilə verilir. Ancaq başqasının pasportunu təqdim etməklə də bilet almaq olar. Maksimum say isə 6-dı. Kassanın önündə 30-a yaxın futbolsevər var idi. Əldə etdiyimiz bilgiyə görə, dünən axşam saatlarına qədər 18 minə yaxın bilet satılıb. Ölkəmizdə bilet satışının əsasən oyun günü reallaşdığını nəzərə alsaq, bu rəqəm heç də kiçik görünməməlidi. İstənilən halda, stadiona “Olimpiya” ilə oyunla müqayisədə daha çox azarkeşin gələcəyi gözlənilir. Hətta anşlaq yaşanması da mümkündü.
FARİZ