Yeni mövsümə hazırlığı bitirmək üzrə olan “Qəbələ” dünən “Bakı” futbol klubunun təlim-məşq bazasında növbəti yoxlama oyununi keçirib. “Qırmızı-qaralar”ın rəqibi öz əvəzediciləri olub.
Əsas komanda oyuna bu heyətlə başlayıb: Dmitri Bezotosnı, İlqar Qurbanov, Rasim Ramaldanov, Bəhlul Mustafazadə, Ürfan Abbasov, Sabien Lilay, Asif Məmmədov, Stiven Monroz, Ceyms Adeniyi, Təmkin Xəlilzadə, Rauf Əliyev. Əvəzedicilərin baş məşqçisi Emin İmaməliyev isə bu “11-liy”ə güvənib: Əmrah Zülfüqarlı, Xəyal Muradov, Xəyal Əmirli, Nicat Əliyev, Arsen Ağcabəyov, Təbriz İsazadə, İdris İnqilablı, Rüstəm Nuriyev, Əli Sadıxov, Samir Qurbanov, Azər İsmayılov.
Matçda hesabı əsas komanda açıb. 11-ci dəqiqədə Rauf Əliyev penaltidən fərqlənib. Fasiləyədək tərəflər hesabı dəyişə bilməyib. Oyunun gedişində Qurbanov Murad Popov, Abbas Ağazadə, Haciağa Hacıyev, Faiq Hacıyev, Qismət Alıyev, Roman Hüseynov, Cavid Hüseynov, Lalavele Atakora və Amin Seydiyevə də şans verib. İkinci hissədə qapılara daha iki qol vurulub. Öncə əvəzedicilər hesabda tarazlıq yaradıb. 67-ci dəqiqədə Rövşən Şahmuradov bərabərlik qoluna imza atıb. 8 dəqiqə sonra Sənan Qurbanovun yetirmələri hesabda yenidən önə çıxıb. Ceyms Adeniyi qələbə qolunun müəllifi olub – 2:1.
Xatırladaq ki, “Qəbələ” mövsümöncəsi son yoxlama oyununu avqustun 4-də “Keşlə”yə qarşı keçirəcək.