Andrey qalacaq, forvard isə yol üstündədi
Təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə başa vuraraq vətənə dönən “Sumqayıt” birgünlük istirahətin ardından bu gün məşqləri bərpa edəcək. “Kimyaçılar” çempionatın startına qədər Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda hazırlıq keçəcək.
Ötən saylarımızın birində Andrey Popoviçin “ağ-göylər”in düşərgəsində baxışda olduğunu xəbər vermişdik. Kluba yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə görə, məşqçilər korpusu “milliləşdirilmiş”, vaxtilə “gənclik şəhəri”nin təmsilçisinin şərəfini qorumuş qolkiperi bəyənib və böyük ehtimalla, onunla yaxın günlərdə müqavilə imzalanacaq. Andreylə yanaşı, Arif Daşdəmirovun da “Sumqayıt”la anlaşacağı gözlənilir. Mənbəmizin sözlərinə görə, Əfran İsmayılov “Qarabağ”da bir yerdə oynadığı sabiq komanda yoldaşını “Sumqayıt”a keçməyə razı salıb.
“Kimyaçılar”ın prezidenti Riad Rəfiyevin hədəfində olan daha bir futbolçu isə Rusiya birinci divizionunda çıxış edən həmyerlimizdi. Türkiyədəki toplanışa qatılan, ancaq sona qədər toplanışda iştirak etməyən forvardın yaxın günlərdə klubun düşərgəsinə qoşulacağı gözlənilir.
RƏŞAD