İyulun 28-də "Neftçi" ilə yoxlama oyunu keçirən "Keşlə"nin üzvləri matçdan öncə Müşahidə Şurasının sədri Zaur Axundovun 45 illik yubileyini təbrik ediblər. Məşqçi heyəti və futbolçular klub adından səbəbkara təbriklərini çatdırıb, şəkil çəkdiriblər. Yubilayara üzərində futbolçuların imzası olan komandanın formasının tablosu hədiyyə olunub. Günün sonundakı "hədiyyə"ni ("Neftçi"yə 0:2 hesablı məğlubiyyət) isə Axundov çətin ki, bəyənsin.
Yeni mövsümə hazırlığı davam etdirən “Keşlə” “Neftçi” ilə yoxlama görüşündən sonra birgünlük dincəlib. Mladen Milinkoviç dünən yetirmələrini yenidən bir araya gətirib. Onu da əlavə edək ki, düşərgədə yeni futbolçu var. "Bakı"nın yetirməsi olan Ülvi Süleymanov baxışdadı. "Keşlə"nin serbiyalı yeni baş məşqçisi Mladen Milinkoviç gənc yarımmüdafiəçini "Neftçi"ylə hazırda keçirilən yoxlama matçında sınaqdan keçirsə də, hələlik yekun qərarını verməyib. Ülvi "Bakı" Futbol Akademiyasının dörd yetirməsindən biri kimi 4 il öncə "Lans"a uzunmüddətli təlim-tədris üçün göndərilmişdi. Onlar Fransa klubunun U-19 komandası ilə təlim-məşq toplanışına qatılaraq baxışdan keçmişdilər. Hazırda "Qarabağ"ın və millimizin əsas hücumçularından olan Mahir Mədətov da həmin 4 futbolçu sırasında idi. Səfər onda "Lans"ın da sahibi olan "Bakı"nın prezidenti Hafiz Məmmədovun təşəbbüsüylə həyata keçirilmişdi.
Sezar Meza Kollinin məsələsini isə artıq bitmiş saymaq olar. Paraqvay əsilli italiyalı futbolçu karyerasını Rumıniyada davam etdirəcək. Belə ki, o, “Universitatya” ilə hərtərəfli razılıq əldə edib. “Keşlə”nin icraçı direktoru Rəmiş Malıyev də yarımmüdafiəçi ilə əməkdaşlığa son qoyacaqlarını təsdiqləyib: “Bəli, Sezarı artıq getmiş saymaq olar. Özü ayrılmaq istəyini bizə çatdırdı. Rəhbərlik də getmək istəyəni burda zorla saxlamaq fikrində deyil. Yəni futbolçu artıq yeni klubuna keçmək üzrədi”.
Sezarın bu yay “Keşlə” ilə yeni müqavilə imzaladığını, belədə bakılıların futbolçunun Rumıniya klubuna keçidindən qazanc əldə etmək imkanının olduğunu vurğulayaq. Hərçənd klubdan keçidin detalları barədə məlumat verilmir.
Bu arada “Keşlə” daha bir yoxlama matçı keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi "Qəbələ" ilə gücünü sınayacaq. Oyun avqustun 4-də “Bakı”nın təlim-məşq bazasında keçiriləcək.