Heyətində bəndənizin də olduğu azərbaycanlı idman jurnalistlərindən ibarət qrup Kiyev səfərini başa vuraraq artıq vətənə qayıdıb. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və AAAF-Parkın dəstəyi ilə gerçəkləşən səfər, xəbər verdiyimiz kimi, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranışının 100 və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuşdu.
Şənbə günü iki ölkənin idman jurnalistləri arasında yoldaşlıq oyunu da keçirildi. "Hidropark" ərazisindəki “Misto Sportu” adlanan kütləvi futbol və idman mərkəzinin süni örtüklü meydançasında baş tutan oyunda qonaqlar qalib gəldi – 10:6. Meydan sahiblərinin qapısını qoruyan Kiyev “Dinamo”sunun veteranlarından İvan Yaremçuk bu yaşda gənclərlə mübarizə aparmağın perspektivsizliyini anlayaraq, çox tez yerini başqasına verdi. Oyunu ölkəmizin Ukraynadakı səfirliyinin işçiləri, Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev başda olmaqla, diaspor nümayəndələri də izləyirdi. Oyundan sonra xatirə şəkilləri çəkildi. İştirakçılar müttəfiq sayılan, əksər beynəlxalq məsələlərdə bir-birini dəstəkləyən Azərbaycanla Ukraynanın bayraqlarını həvəslə başı üzərində dalğalandırdı.
Yeri gəlmişkən, Rövşən bəy də futbol həvəskarı kimi tanınır və fasilədə topla təmasdan özünü saxlaya bilmədi. Dediyinə görə, ayağında sınıq, qolunda mil olmasaydı, həvəslə top dalınca qaçardı. Ukrayna paytaxtında nüfuzlu iş adamlarından sayılan soydaşımız azərbaycanlı jurnalistləri “Buğlama” restoranına dəvət etməyi də lazım bildi. Gec saatlara qədər davam edən məclisdə bir çox maraqlı məqamlar yaşandı. Azərbaycan adının qırmızı xətt kimi keçdiyi tostlardan tutmuş Şəhriyar
del Geraninin şeir deməsinə qədər çox gözəl mənzərələr var idi. Təbii ki, qürbətdəki azərbaycanlıların vətən eşqi ilə bir araya gəldiyi bütün məclislər gözəldi. Və “Buğlama”dakı ziyafət də bu mənada istisna deyildi.
Onu da xatırladım ki, bu, azərbaycanlı idman jurnalistlərinin ilk belə səfəri deyil. 2016-da Moldovaya, ötən il isə Belarusa yollanmışdıq.
MAHİR