"Səbail" daha bir transfer gerçəkləşdirib. Baş məşqçi Aftandil Hacıyevin qəzetimizin ötən həftəki saylarından birinə verdiyi müsahibədə haqqında bəhs etdiyi makedoniyalı müdafiəçi Tome Kitanovski imiş. Gənc mütəxəssis hələ rəsmi müqavilə imzalanmadığı üçün futbolçunun adını açıqlamasa da, onun Xorvatiyada top qovduğunu bildirmişdi. Kitanovski ötən mövsümün birinci hissəsini (İstra) və 2018-ci ili (Slaven) Xorvatiya çempionatında keçirib. 26 yaşlı sağ cinah müdafiəçisi peşəkar karyerasına 2010-cu ildə ölkəsində "Pelister"də başlayıb. Üç il bu klubda çıxış etdikdən sonra Rumıniyaya üz tutub. Ancaq onun "Universitatya" karyerası qısa çəkib və 2014/15 mövsümünü Serbiya "Voydovaç"ında keçirib. Növbəti iki mövsümdə Serbiyanın digər təmsilçisi "Mladost"un uğurları üçün tər töküb. 2017-ci ildən legioner karyerasını Xorvatiyada davam etdirdiyini vurğuladıq. Makedoniyanın aşağı yaş qruplarından ibarət yığmalarında forma geyən Kitanovskinin əsas milliyə cəmi bir dəfə dəvət aldığını da əlavə edək.
Bu arada "Səbail"in yeni transferlərindən olan Enrike haqda maraqlı məlumat üzə çıxıb. Sən demə, braziliyalı müdafiəçi karyerasını başa vurmağı planlaşdırırmış. O, Vivian Kamposla ailə həyatı qurduqdan sonra karyerasını bitirməyə qərar verib. Məsələ burasındadı ki, futbolçunun həyat yoldaşı peşəkar rəssamdı. 27 yaşlı futbolçu məhz həyat yoldaşı ilə bu işlə peşəkar şəkildə məşğul olmaq üçün karyerasını bitirmək istəyib. Lakin "Deportivo Saprissa"dan ayrılan müdafiəçi "Səbail"dən təklif aldıqdan sonra qərarını dəyişib.
Qeyd edək ki, Enrike Moura karyerası ərzində "Vila Nova", "Goyas", "Aparesidense", "Qremio" (Anapolis), "Parauapebas" və "Remo" kimi komandalarda forma geyib.