Sloveniyalı jurnalist Luka haqda fikirlərini “Futbol+”lə bölüşdü
Çərşənbə günü “Qarabağ” “Olimpiya” ilə oyununu izləmək üçün stadiona yollanda beynimə “Sloveniya” sözünü salmamışdım. Sadəcə, “Qarabağ”ın oyununu izləmək üçün media sektorunda öz yerimi almışdım. Düzü, sloveniyalı həmkarlarımızı da iş başında görərkən ağlımdan heç nə getmədi. Amma fasilədə sanki məni nəsə silkələdi. Öz-özümə dedim ki, “dayan, yəni doğrudanmı, Sloveniya adı heç nə demir?! Sən hazırda Avropa basketbolunun əsas simalarından biri olan Luka Donçiç haqda əlavə heç nə öyrənmək istəmirsən? Yəni səni maraqlandırmır ki, bir sloveniyalı jurnalist ötən il yığma komandalarının Avropa çempionu olmasında, “Real”ın bu il Avroliqanı qazanmasında böyük rol oynayan oyunçu haqda nə fikirləşir? Görəsən, bir sloveniyalı “Dallas”a draft olan ulduz basketbolçudan nə gözləyir?” Təbii ki, Nyutonun başına düşən alma kimi, bu ideya da beynimi silkələdi. İngilis dilini o qədər də yaxşı bilmədiyimdən, həmkarım Kənan Məstəliyevə müraciət edib bir sloveniyalı jurnalisti “tora salmaq” istədiyimi ona bildirdim. Sağ olsun, təklifimi yerə salmadı. Öncə bir sloveniyalı həmkarımıza yaxınlaşıb ondan Donçiçlə bağlı nə fikirləşdiyini öyrənmək istədik. O, basketbolla maraqlanmadığını söylədi. Daha sonra bir başqasını kənara çəkdik və onu “tora sala bildik” Onunla tanış olduq. Bəli, adı və soyadı Zoran Miyatoviç olan, Maribor qəzetlərindən birində çalışan gənc və basketbolçu boyuna malik ucaboy həmkarımız Donçiç haqda məni maraqlandıran bir neçə suala cavab verdi. Müsahibəni nəzərinizə çatdırırıq.
- Sloveniyanın basketbol ənənələri olsa da, indiyə qədər bu ölkə Luka Donçiç kimi superistadad yetişdirməmişdi. Düzdü, Draqiç qardaşlarını unutmaq lazım deyil. Amma etiraf edək ki, Qoran Draqiç belə MBA-da çıxış etsə də, ona heç kim möcüzəvi basketbolçu kimi baxmır. Bəs Donçiçin Avropa səviyyəsini aşan özəllikləri nədən ibarətdi?
- Luka artıq 13 yaşında öz yaşıdları arasında ən güclüsü idi. O vaxt onun atası da böyük basketbolçu olub. Oğlunun yaxşı basketbol oynadığını görən ata onu İstanbula apardı, amma türklər Lukanın oyunundan razı qalmadı. Daha sonra onu Madridə apardı. Artıq ötən il gördük ki, Donçiç əsl basketbolçu kimi formalaşıb. Avropa çempionatında Draqiçlə birgə oynadığı oyunla hamını dəli etməyi bacardı. Bizə də təəccüblü gəldi ki, belə bir istedadlı oyunçu necə ortaya çıxdı. Bu bir möcüzə idi. 19 yaşı var, hələ çox gəncdi. İndi çoxları onu mərhum xorvat basketbolçu Drajen Petkoviçlə müqayisə edirlər. Hamı fikirləşir ki, o, Avropanın ən dahi basketbolçularından biri ola bilər.
- Bəs Donçiçin “Dallas” prespektivini necə görürsüz?
- Bu mənada bir qədər tərəddüd içindəyəm. Əvvəla, ənə maraqlıdı ki, o hansı mövqedə oynayacaq? Hərçənd Donçiç bütün mövqelərdə oynaya bilir. Razıyam, amerikalılar kimi atletik basketbolçu da deyil. Görək hansı mövqedə oynayacaq, sonra konkret nəsə qiymət verərik.
- Sloveniya yığmasını Avropa çempionu edən İqor Kokoşkov yayda “Finiks”in “sükanı arxasına” keçdi. Bildiyimə görə, sloveniyalılar Donçiçin Kokoşkov amilinə görə “Finiks”ə draft ediləcəyini gözləyirdilər, amma o, “Dallas”a qismət oldu.
- “Finiks” DeAndre Eytonu seçdi, bunu da normal qarşılamaq lazımdı. Çünki bu oyunçu belə desək, “günəşlər”in öz uşağıdı. Əslində biz Donçiçin “Finiks” tərəfindən seçiləcəyini gözləmirdik. Draftda onlar özünküləri seçdilər.
- “Dallas”ın Dirk Novitski ənənəsi var. Hər halda, “Maveriks” məhz avropalı basketbolçunun liderliyi sayəsində MBA çempionu olub. Sizcə, Donçiç başqa bir avropalı istedadlı basketbolçu kimi “Dallas”da Novitski ənənəsini davam etdirə bilər?
- Düzü, bu barədə konkret fikir bildirməkdə çətinlik çəkirəm. Düzdü, Donçiçin fiziki özəllikləri yerindədi, driblinqi və ötürmə etmək bacarığı var, amma onun MBA səviyyəsində atlet olacağı hələ bilinmir. Sadəcə, onu deyə bilərəm ki, adamın ehtiyatı və potensialı var. Bizə də maraqlıdı ki, bu potensialı necə açacaq.
- Deməyim odu ki, Novitskidən nəsə öyrənə bilər, Dirk ona nədəsə kömək edə bilər?
- Mütləq. Novitski ona mütləq çox şey öyrədəcək. Məhz Novitskiyə görə “Dallas” Donçiç üçün ən ideal klubdu.
TAHİR MİRZƏ