“Kukesi”nin baş məşqçisi Aqolli ilə söhbətə ehtiyac duymur
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Kukesi”nin baş məşqçisi Armando Kunqu Albaniya mətbuatına müsahibə verib. Təcrübəli çalışdırıcı növbəti mərhələ şanslarından, Ansi Aqolli ilə münasibətlərindən və mümkün dəyişikliklərdən söz açıb: “Mənim üçün rəqibin kimliyi önəmli deyil. Çünki Çempionlar Liqasında irəliyə getdikcə vəziyyət çətinləşir, daha güclü komandalarla qarşılaşırsan. Bakıdakı oyun da göstərdi ki, “Qarabağ” və “Olimpiya”, demək olar, bərabər səviyyəli komandalardı.Real danışsaq, “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq. Bu komanda son vaxtlar müntəzəm, hər il Çempionlar Liqasında iştirak edir. Hətta ötən il qrup mərhələsinə də vəsiqə qazanıblar. Bu o deməkdi ki, bizə çox çətin olacaq. Amma bacardığımız qədər mümkün olan hər şeyi edəcəyik. Bütün variantları yoxlayacağıq, futbolda nəyin necə olacağı əvvəldən bilinmir... Ansi ilə danışacağımı düşünmürəm. Aqollini yaxşı tanıyıram.Ona həm insan, həm də idmançı kimi böyük hörmətim var. Amma onunla müzakirə edəsi heç nəyim yoxdu. “Qarabağ”ın futbolçusu ilə danışmaq qeyri-peşəkarlıq olar. Aqolli başqa komandanın üzvüdü və peşəkar futbolçudu. Bu səbəbdən mənə onunla danışmaq lazım deyil. Sadəcə, onu Albaniyada mehribancasına qarşılayacam. Dəyişiklik? Əvvəlcə mən rəqibi diqqətlə izləyəcəyəm, sonra hərəkət edəcəm. Hər bir məşqçinin beynində başqa planlar və imkanlar olur. Mən də digər variantları nəzərdən keçirəcəm. Rəqibdən və əlimizdəki imkanlardan asılı olaraq, düşünürəm ki, bu oyun üçün ən yaxşı sistemi seçəcəyik. Çünki növbəti mərhələyə keçmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq”.
HƏBİB