Avroliqanın 1-ci təsnifat mərhələsinin cavab oyunlarından ikisini Azərbaycandan olan hakimlər briqadası idarə etdi. Maraqlıdı ki, həm Rəhim Həsənovun, həm də Ömər Paşayevin baş hakim olduğu oyunlarda meydan sahibləri qələbə qazana bilməyib və mərhələ adlamaq sevincini qonaqlar yaşayıb. Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli və Rauf Cabbarovdan ibarət kvartet “Zarya” (Moldova) – “Qurnik” (Polşa) matçında (1:1) iş başında olub. İlk oyunda 0:1 uduzan moldovalılar erkən qolla ümumi hesabı bərabərləşdirsə də, Polşa təmsilçisi son dəqiqələrdə rəqib qapısına yol tapmaqla cütün taleyini həll edib. FİFA referisi görüşdə 4 sarı vərəqə göstərib ki, o, meydan sahibləri ilə qonaqlar arasında ayrı-seçkilik etməyib.
OFK (Monteneqro) – B36 Torshavn (Farer adaları) matçında fit çalan Ömər Paşayevə gəlincə, o və başqa həmyerlilərimiz - Namiq Hüseynov, Mübariz Haşımov və Əliyar Ağayev qonaqların 2:1-lik qələbəsinə şahid olublar. İlk görüş qolsuz heç-heçə nəticələndiyindən farerlilər mərhələ adlayıb. Səhhətindəki problem üzündən qış fasiləsindən sonra uzun müddət təyinat almayan və cəmi iki oyunda iş başında olan Ömər Avroliqa matçında 3 dəfə əlini cibinə atıb. Vərəqə hesabında da 1:2 olub.