
“İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb
Elvin İbrahimli: “Şüarın jurnalistlərin diqqətini çəkməsi və görüntülərin xarici saytlarda yerləşdirilməsi həlledici oldu”
“Qarabağ”la “Olimpiya” arasındakı cavab görüşündən sonra yekun nəticə bir tərəfdə qalmışdı. Sloveniyadan gələn jurnalistlər öz aralarında “İmarət”in atdığı addımı müzakirə edir, üzləşdikləri mənzərəyə sanki inana bilmirdilər. Buna səbəb isə “Qarabağ”ın kreativ düşüncələrə malik azarkeşlərinin atdığı maraqlı addım idi.
“Ubi, ubi, ubi zabara” (öldür, öldür, qurbağaları öldür) – bu atmacadolu şüar əslində “Maribor”un fanatlarına aiddi. “Olimpiya”nın əzəli rəqibini dəstəkləyənlər Sloveniya derbisində məlum sözləri dilə gətirməklə bir növ qarşı tərəfdə yer alan fanatları qıcıqlandırmış olurlar. Sloveniya futbolu ilə yaxından maraqlananlar məlum şüardan xəbərdardı.
Amma həmin səslərin Azərbaycanda – Çempionlar Liqasının oyununda eşidilməsi həqiqətən də gözlənilməz idi. Elə sloveniyalı jurnalist və azarkeşlərin marağına səbəb bu olmuşdu. Həmkarlarımızdan biri tribunadakı görüntüləri telefonun yaddaşına köçürdükdən sonra video şəklində saytda yerləşdirib. Və həmin video Sloveniyada böyük əks-səda doğurub. “Olimpiya”lılar şokdadı, “Maribor” fanatları isə sevincdən özlərinə gələ bilmirlər. Videonun şərh bölümündə yazılan minlərlə şərhə baxmaq kifayətdi.
Təbii, Azərbaycanda fanat mədəniyyətini və savadını təkcə Sloveniyaya yox, Avropaya, dünyaya tanıdan “İmarət”çilərə xüsusi alqış düşür. Sirr deyil ki, işin araya-ərsəyə gəlməsində xeyli əziyyət çəkib, vaxt itiriblər. Bəs, onlar həmin şüarın bu cür səs-küyə səbəb olacağını bilirdilərmi? Ümumiyyətlə, ideya kimindi? İşi ortaya çıxarmaqda çox əziyyət çəkdilər?
Qrupun tribuna fəallarından sayılan Elvin İbrahimli ilə söhbətdə məsələnin detallarına vardıq. Və məlum oldu ki... : “Bu ilk belə hal deyil. Dəfələrlə bu və buna bənzər addımlarla rəqibə təzyiq göstərməyə çalışmışıq. Sadəcə, səs-küyə səbəb olmurdu, gündəm yaratmırdı. Bu dəfə birbaşa jurnalistlərin diqqətini çəkməsi və görüntülərin videoya çəkilib xarici saytlarda yerləşdirilməsi həlledici oldu. Çempionlar Liqasında və ya Avroliqada “Qarabağ”ın hansı rəqiblə qarşılaşacağını biləndə, işə başlayırıq. Siz hər zaman bizə oyunla bağlı suallar verirsiz. Amma biz, işin oyun tərəfini, ümumiyyətlə, düşünmürük. Rəqibin adını eşidən kimi onların azarkeş qrupları ilə maraqlanırıq. Hər bir köklü komandanın əzəli rəqibi olur. Hansı ki, onlar arasındakı oyunlarda bir-birini qıcıqlandırır, psixoloji təzyiq göstərirlər. Biz rəqibimizin əzəli rəqiblərindən həmin faktları ortaya çıxarır, üzərində işləyir və oyun ərzində həyata keçirməyə çalışırıq. Əsasən onları qıcıqlandıra biləcək şüarları, bəstələri öyrənirik. Bu şüar “Maribor”lulara məxsusdu. Və bilirik ki, “Olimpiya” fanatları o sözləri eşidəndə, psixoloji zərbə alırlar. Hər zaman etdiyimizi bu dəfə də etdik. Belə deyim, öhdəmizə düşən işi yerinə yetirdik”.
HƏBİB