Əfqan Həmzəyev saxta yığmalar düzəldib
İyulun 14-15-də Bakıda futvolley üzrə beynəlxalq turnirin keçirildiyini bilirsiz. Məlum yarış haqda ətraflı bilgi vermiş, hansı komandaların mükafata layiq görüldüyünü bildirmişdik. Təbii, ilk baxışdan gördüklərimiz idi.
Lakin işin başqa tərəfi, yəni təşkilatçıların fırıldağa əl atması haqda sonradan xəbər tutduq. Belə ki, “İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı yayınlanan, izləyicilərə beynəlxalq turnir kimi qələbə verilən yarışda bir neçə saxtakarlıq faktı aşkarlanıb. Turnirdə Braziliya yığmasının iştirak edəcəyi deyilsə də, yalnız bir idmançı ilə təmsil olunan (hər komandanın tərkibində iki idmançı mübarizə aparır) "sambaçılar"ın heyətində ötən il Bakıda keçirilən futvolley üzrə beynəlxalq turnirin qalibi olan Hollandiya yığmasının üzvü Kaspar Şlebus (müsahibələrdə braziliyalı idmançı Kaspar Şlequni kimi təqdim edilib) çıxış edib. Halbuki bəndəniz ötən ilin avqustunda elə həmin Kaspardan müsahibə götürmüşdü. Şən idmançı onda Hollandiya formasındaydı. Bu dəfə isə yaxasına Braziliyanın bayrağı həkk olunmuşdu.
“Sportfm” saytının yaydığı xəbərə görə, bununla kifayətlənməyib izləyiciləri aldatmağa davam edən təşkilatçılar azərbaycanlı futzalçı, hazırda elitada mübarizə aparan "İtaldizain" klubunun üzvü, çimərlik futbolu yığmamızın oyunçusu Elvin Quliyevin əyninə Rusiya yığmasının formasını geydirib. Assosiasiya rəsmiləri "Dalğa Beach"də daha bir saxtakarlığa yol verib. İştirakçı ölkələr arasında Portuqaliyanın adı çəkilsə də, avropalılar Bakıya, ümumiyyətlə, gəlməyib. Portuqaliya forması ilə İsrail yığmasının üzvü Omri Kohen və iranlı idmançı Ali Reza mübarizə aparıb. Turnirdə iştirak edən Pakistan yığmasının üzvlərinin isə idmançı yox, turist olması onların bütün görüşlərdə biabırçı məğlubiyyətini şərtləndirib.
Məlum fırıldaqla bağlı Portuqaliyada futvolleyə rəhbərlik edənlərdən biri ilə danışmaq istəsək də, cəhdlərimiz faydasız qaldı. Nə əlaqə nömrələrini tapmaq mümkün oldu, nə də konkret şəxsləri.
Belədə beynəlxalq turnirin təşkilinə pul xərcləyən Vüsal Xəlilovla, başqa cür desək, AFNA-nın prezidenti Vüqar Xəlilovun qardaşı ilə əlaqə saxladıq. Sualı eşidən Vüsal bəyin mövqeyi belə oldu: “Mənim keçirdiyimiz yarışda nöqsan ola bilməz. İşimi nöqsan kimi görənlər varsa, onlara cavab verməyə sözüm də var, göstərməyə işim də. Bu idman növündə, demək olar, ölkə anlayışı yoxdu. Sadəcə, biz ölkəmizi bu ölkələr arasında tanıtmaq istədiyimiz üçün belə yarış təşkil etdik. Kifayət qədər də effekt verdi. Turniri ölkəmiz və dövlətimiz adına keçirtdim. Deyəcəklərim bu qədər. Əlavə sualınız varsa, Əfqan müəllimlə (AFNA-nın baş katibi Əfqan Həmzəyev) əlaqə saxlayın”.
Bu cür saxtakarlığın ortaya çıxmasının səbəbkarı, təbii ki, məlum idman növündən indi-indi xəbər tutmağa başlayan Vüsal və Vüqar Xəlilov qardaşları deyil. Onların işi yarışın keçirilməsinə razılıq vermək və pul xərcləməkdi. Komandaların Bakıya səfərini təşkil edən, heyətləri müəyyənləşdirən isə Əfqan Həmzəyevdi. Həmzəyev hazırda Gürcüstanda olduğundan, onunla danışmaq cəhdimiz də alınmadı. Bu yerdə Əfqan Həmzəyevi ölkə futbolundan uzaqlaşdırıb, çimərlik futbolunda FİFA hakimi statusunu əlindən alanların ölənlərinə rəhmət düşür.
HƏBİB