İyulun 14-də "Əlincə Arena"da "Sabah"la keçirdiyi yoxlama oyunu ilə təlim-məşq toplanışını başa vuran “Zirə” hazırlığın növbəti mərhələsini Türkiyənin Bolu şəhərində keçirəcək. Ayxan Abbasovun komandası artıq bu gün səhər qardaş ölkəyə yola düşüb. İlk görüşünü sabah Qətərin yüksək liqa təmsilçisi “Əl-Xaritiyah” klubuna qarşı keçirəcək qəsəbə təmsilçisi bundan başqa daha üç görüşə çıxacaq. Belə ki, “qartallar” iyulun 23-də Türkiyə superliqa təmsilçisi “Osmanlıspor”, 27-də isə qardaş ölkənin 1-ci liqa təmsilçisi “Əskişəhərspor”la qarşılaşacaq. Həmçinin iyulun 30-da komanda daha bir yoxlama matçına çıxacaq. Bu oyundakı rəqibin kimliyinə isə qarşıdakı günlərdə aydınlıq gələcək. “Zirə” avqustun ilk günündə Bakıya qayıdacaq.
Bu arada ötən mövsümün sonunda istirahətə yollanan və daha sonra “Zirə”yə qayıtmayan müdafiəçi Jozef Bum karyerasını yenidən Türkiyədə davam etdirə bilər. Bu haqda Kamerun mətbuatı xəbər yayıb. Bildirilir ki, vaxtilə “Mersin İdman Yurdu” və “Antalyaspor”un formasını geymiş 29 yaşlı mərkəz müdafiəçisi meneceri tərəfindən Türkiyə klublarına təklif olunub. Onun xüsusilə də “Mersin İdman Yurdu”da parlaq çıxış etməsi qardaş ölkəyə dönmək ehtimalını artırır. Lakin Bum hazırda müqavilə ilə “Zirə”yə məxsus olduğundan, hansısa komandaya azad agent kimi keçidi mümkün görünmür. “Zirə”nin düşərgəsinə dönməkdən imtina edən kamerunlu oyunçu başqa komandaya transfer olunmaq üçün Azərbaycan klubuna təzminat ödəməli olacaq. Qeyd edək ki, Jozef Bumun “Zirə” ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.