Sizin reklam burada

“Ağsu” yeni mövsümdə gənclərə güvənəcək

Title
“Ağsu” yeni mövsümdə gənclərə güvənəcək
Rüfət Quliyev: “Büdcəmiz geniş olmasa da, klubun özünə görə məqsədi var”
Yeni mövsümdə birinci divizionda hansı klubların çıxış edəcəyi, ümumiyyətlə, çempionatın hansı formatda keçiriləcəyi sualı açıq qalır. Dəfələrlə AFFA və PFL-də müraciət edib bu suala cavab tapmağa çalışsaq da, cəhdlərimiz heç bir nəticə verməyib. Adını çəkdiyimiz qurumlar belə aşağı dəstənin gələcək taleyindən xəbərsizdi. Məhz buna görə hər gün mediada divizonla bağlı müxtəlif xəbərlər yayılır, hər gün hansısa komandanın dağıldığı bildirilir.
Artıq tarixin yaddaşına köçdüyü söylənilən komandalardan biri də “Ağsu”du. Mediada yazılanlara inansaq, ötən mövsümü 9-cu yerdə başa vuran “şərabçılar” yeni “futbol ili”ndə gözə görünməyəcək. Səbəb isə sponsorun “Ağsu”nu maliyyələşdirməkdən boyun qaçırmasıdı.
Deyilənlərə aydınlıq gətirmək üçün “Ağsu”nun baş məşqçisi Rüfət Quliyevlə əlaqə saxladıq. Klub yaranan gündən “sükan arxasında” olan Rüfət bəy mətbuatda yayılan xəbərləri təkzib etməklə yanaşı, yeni komanda qurduqlarını bildirdi: “Yeni mövsüm ərəfəsində sponsorlarla görüşüb danışmışam. Komandanın əsas himayədarı olan “AzQranat” şirkəti futboldan çəkilmir. Əksinə, onlar mənim qarşıma konkrket məqsəd qoyub – gənc heyət formalaşdırmaq. Buna görə də ötənilki heyətdən 15 nəfəri artıq yola salmışam. Köhnə heyətdən 5-6 futbolçu qalıb. Qalanları Ağsunun öz yetirmələri olacaq. Klubumuz ildən-ilə uşaq futboluna diqqəti artırır. Aşağı yaş qrupları üzrə bir neçə komandamız var. Altı ildi bu iş gedir, özüm də ilk gündən burdayam. Artıq həmin uşaqların 16-17 yaşı var. Yeni mövsümdə əsasən 2001 təvəllüdlu gənclərə üstünlük verəcəyik. Mənə o qəribə gəlir ki, niyə çoxları “Ağsu”nun dağılmasını böyük səbirsizliklə gözləyir. Büdcəmiz geniş olmasa da, klubun özünə görə məqsədi, strategiyası var. Düzdü, təcrübəsiz futbolçularla çalışmaq hamımıza çətin olacaq. Məndən tutmuş, klubda olan ən sıravi işçiyə qədər. Amma bu uşaqların da artıq peşəkar futbolu görmək, anlamaq və oynamaq vaxtıdı. Kimsə onlara bu şansı verməlidi. Ötən mövsüm göstərdi ki, bir çox yaşlı futbolçular özlərini doğrultmur. Komandanı yeniləmək lazım idi, biz də bunu etdik”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.