
“İmarət” “Qarabağ” üçün yenilik etməyəcək
Elvin İbrahimli: “Sayımız hər avrokubok oyununda 500-600 aralığında olur”
“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Olimpiya” cavab oyununda dəstəksiz qalmayacaq. Sloveniyadan Bakıya 80-ə yaxın fanat təşrif buyuracaq ki, sevimli komandalarını qələbəyə səsləyəcəklər. Onların səsini batırmaq isə, təbii ki, azərbaycanlı futbolsevərlərin üzərinə düşən işdi. Bu mənada “İmarət”çilər daha çox tər tökməli olacaq.
Daim “Qarabağ”ın yanında olan, kreativ şüar və pankartlarla diqqəti çəkməyi bacaran qrup üzvləri bu dəfə də tribunada əsas söz sahibi sayılacaqlar. Təbii, saydan çox şey asılıdı. Nə qədər çox olsalar, bir o qədər “köhlən atlar”ın xeyrinə olacaq. Üstəgəl, qeyri-adi plakatlar və şüarlar.
“İmarət”in tribuna fəallarından olan Elvin İbrahimli ilə dünənki söhbətdə qrup üzvlərinin oyunla bağlı planları ilə tanış olduq: “Həmişə olduğu kimi, bu dəfə də 2-ci sektorda qərarlaşacağıq. Oranın dəqiq tutumunu bilməsəm də, sayımız hər avrokubok oyununda 500-600 aralığında olur. Kassada sırf “İmarət”çilər üçün yer var ki, orda biletlər ancaq qrup üzvlərinə satılır. Təbii ki, hamıya yox. Öz üzvlərimizə və tribunada dəstək vermək, bəstə oxumaq bacarığı olanlara. Hazırda planımızda fərqli pankart və ya şüar yoxdu. Həmişə necə dəstək vermişiksə, bu dəfə də eyni cür olacaq. Bu dəqiqə başımız əsasən bilet satışına və stiker paylamağa qarışdığından, oyunöncəsi məşqdə komandaya dəstək verib-verməyəcəyimizi dəqiq bilmirəm. Sabah (bu gün) dəqiqləşəcək”.
Maraqlıdı, “İmarət”çilər bu qarşılaşmada digər fanklubların köməyinə ehtiyac duyacaq? Məsələn, “Forza Neftçi”, “Sektor 11”, “Milli dəstə” və ya başqa klublara könül verənlərinin dəstəyinə bel bağlamaq olar? İbrahimli buna ehtiyac duymadıqlarını deyir: “İndiyə qədər nə özümüz başqa təmsilçilərimizə dəstək vermişik, nə də bu mənada rəqib azarkeşlərdən kömək istəmişik. Bəzən “Sektor 11”, yaxud “Milli dəstə”nin üzvləri gəlir. Bu dəfə “Milli dəstə” olmayacaq, “Sektor 11” haqda isə məlumatım yoxdu. Gəlsələr belə, bizimlə eyni yerdə oturmayacaqlar. 2-ci sektor ancaq “İmarət”in üzvləri üçündü”.
HƏBİB