Sübhan Əliyev: “Lənkəran səfərini görmüş adamlarıq, Budapeştdən qorxacağıq?”
Avroliqanın cavab görüşləri ərəfəsində ölkəmizin şansları daha yüksək qiymətləndirilən yeganə təmsilçisi “Neftçi”di. “Qəbələ”ylə “Keşlə”nin məğlubiyyəti fonunda “ağ-qaralar”ın Bakıda “Uypeşt”i məğlub etməsi növbəti mərhələyə yüksəlmək şansını yaxşılaşdırdı.
Lakin hamı bilir ki, Macarıstan səfəri “ağ-qaralar” üçün asan olmayacaq. Başlıca amil rəqibin Bakıda meydana çıxmayan iki afrikalı futbolçusunun iki gün sonra oynamaq şansı qazanacağıdısa, bir başqa səbəb meydan sahiblərinin itiriləcək heç nəyinin olmamasıdı. Belə deyək, açıq futbola üstünlük verib, hücum futbolu oynayacaqlar. Və başqa bir məqam - azarkeşlik məsələsi.
Macarıstanın ən köklü klublarından sayılan “Uypeşt” güclü azarkeş ordusuna sahibdi. Bunu Bakıdakı görüşdə də gördük. Təxminən 30 nəfərlik dəstə ilə komandalarına dəstək verən qonaq fanatlar oyundan öncə bakılı azarkeşlərlə baş-başa gəlməyə də imkan tapmışdılar. İçkili olduqları deyilən macarlar restorandan çıxanda “Forza Neftçi” azarkeşlərini görüncə, şərqilər səsləndirməyə başlayıblar. Bununla da küçədə “forzalılar”a “əlcək ataraq”, bir növ “biz də varıq” demək istəyiblər ki, tərəflər arasındakı toqquşma qan tökülmədən başa çatıb.
“Uypeşt”sevərlər bir həftə öncə yaşananları unutmayıblar. Odu ki, sosial şəbəkələrdəki müxtəlif səhifələrdə bizimkilərə meydan oxuyurlar. Təkcə “sizi Budapeştdə gözləyirik” demələrinin arxasında nələrin dayandığını hiss etmək çətin deyil. Əvəz çıxmağa çalışacaqlar, bu birmənalıdı. Qanlı toqquşmanın baş verməməsi üçün isə “Neftçi”ni dəstəkləyənlər bir qədər ehtiyatlı olmalı, yeri gələrsə, hiylə işlətməlidilər. Qətiyyən təxribata uymaq olmaz. Onların sayı minlərlə olacaqsa, bizimkilər uzağı 100 nəfərlə təmsil olunacaqlar.
Söhbət Bakıdakı toqquşma zamanı “Forza Neftçi”dən gedirsə, fabklubun rəhbəri Sübhan Əliyevi dinləmək maraqlı olardı. Dünən Sübhanla əlaqə saxlayıb, hadisənin necə baş verdiyini öyrəndik: “Həmin söhbətdə bizim heç bir günahımız yoxdu. Oyun günü Mərdəkandan stadion istiqamətinə yürüş edəndə macar azarkeşlər qarşımıza çıxdı. Daha doğrusu, restoranda oturmuşdular, səsimizi eşidib yola çıxdılar. Görkəmlərindən açıq-aşkar bilinirdi ki, içkilidilər. Stadiona spirtli içkiylə daxil olmağa icazə verilmir deyə, matçdan əvvəl keflərini yaxşılaşdırmaq istəyirdilər. Hər nə isə, bunlar bizi görən kimi öz komandalarının şəninə şərqilər səsləndirməyə başladılar. Hərəsinin əlində də bir bokal pivə şüşəsi. Belə deyim, bizə sataşdılar. Sanki bizdən güclüdülər, üstündülər. Halbuki azarkeşlikdə bu kimi hallar yaxşı qəbul olunmur. Qonaqsansa, özünü qonaq kimi aparmalısan, sözünü tribunada deməlisən. Yoxsa sən, mənim doğma şəhərimdə 400 nəfərin qarşısına çıx, “mən də varam” de. Olmaz axı. Bunun adı qarşı tərəfi qıcıqlandırmaqdı. Onların bu hərəkətindən sonra uşaqlar əsəbləşdi. Mədəni surətdə sakit olmağı məsləhət görsək də, xeyri olmadı. Əksinə, səslərini daha da ucaltdılar. Belədə arada müəyyən toqquşma yarandı. İtələşmə-filan oldu. Amma hansısa qan tökülməkdən söhbət gedə bilməz. Çünki özümüz də buna imkan verməzdik. Hər nə olsa da, əcnəbidilər, turistdilər. Ona görə də ehtiyatlı davrandıq. “Uypeşt” azarkeşlərinin təşkilatlanmasında böyük səhvə yol verilmişdi. Səfirlikləri də yazıb ki, macar azarkeşlər böyük səhvə yol veriblər. Ara sakitləşəndən sonra bizə mesaj göndərdilər ki, Macarıstana gəlin, orda görüşərik”.
Yeri gəlmişkən, “Forza Neftçi”nin üzvlərindən Macarıstana kim(lər)sə gedəcək? Yoxsa stadionda “Neftçi”ni dəstəkləyənlər əsasən bu ölkədə yaşayanlar olacaq? Əliyev bu sualı da cavabladı: “Qrupumuzun Şengen vizasına sahib 4 üzvü Budapeşt səfərinə hazırlaşır. Komandanın yanında olacaq, necə lazımdısa, dəstək verəcəklər. Xaricdə yaşayan tələbə dostlarımız da stadionda olacaqlar. Məndə olan məlumata görə, təxminən 100 nəfər “Neftçi”yə dəstək verəcək”.
Bakıda yaşananlardan sonra Budapeştdə sükutun pozulacağı gözləniləndi. Qisas hissi ilə alışıb-yanan yerli fanatların əvəz çıxmaq üçün hansısa əməllərə əl atacaqları istisna olunmur. Qeyd etdiyimiz kimi, azərbaycanlı futbolsevərlər heç bir halda təxribata uymamalıdı. Xüsusən şəhərdə tək gəzmək, “Neftçi”nin şəninə bəstələr oxumaq olduqca təhlükəlidi. İllərini tribunaya qurban vermiş Sübhan Əliyev bununla bağlı tədbir gördüklərini deyir: “Heç nədən qorxub-çəkinmirik. Özünüz də bilirsiz, 20 ildi tribunadayam. Bu illər ərzində görmədiyimiz şey qalmayıb. O qədər hadisələrlə rastlaşmışıq ki. O vaxt “Çixura” səfərindən əvvəl də ciddi qarşıdurmanın baş verəcəyini deyirdilər. Sonu nə oldu? Gürcüstana gedib komandamızı əvvəldən axıra qədər dəstəklədik. Lənkəran səfərini görmüş adamlarıq, Budapeştdən qorxacağıq? Biz orda onların burda davrandıqları kimi davranmayacağıq. Uşaqlara da tapşırmışıq ki, təşkilatlanmış halda getsinlər, pərakəndə yox. Ən vacib amil budu. Arenaya yaxın ərazidə birləşib, yerli azarkeşlərə qıcıq vermədən stadiona gedəcəklər. Ondan sonra tribunada nə qədər qışqırırlar-qışqırsınlar, nə qədər istəyirlər oxusunlar, dəstək versinlər. Klubun bayrağına, şərfinə, formasına, gerbinə sahib çıxmağı da dönə-dönə tapşırmışıq. “Milli dəstə”nin üzvləri ilə də danışmışıq, sağ olsunlar, onlar da dəstək verəcəklər. İnşallah, heç bir insident yaşanmaz”.
HƏBİB