Növbəti mövsümə hazırlığı davam etdirmək üçün Türkiyəyə yollananan “Sumqayıt” artıq qardaş ölkədədi. Ötən saylarımızın birində “kimyaçılar”ın mövsümlərarası fasilədə ikiillik müqavilə bağladığı Dmitiri Nağıyevlə vidalaşdığını xəbər vermişdik. Onu da bildirmişdik ki, klubla futbolçu arasında əldə olunan razılığa əsasən, xaricdən təklif alacağı təqdirdə rəhbərlik Nağıyevlə müqaviləyə xitam verib, onun legioner həyatı yaşamasına problem yaratmayacaq. Dmitri ilə vidalaşan, Etiram Şahverdiyevi isə zədə səbəbindən ən azı 3 aylıq itirən “kimyaçılar”ın rəhbərliyi müdafiənin sağ cinahında yaranan boşluğu aradan qaldırmaq üçün yeni futbolçu ilə anlaşıb. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, “gənclik şəhəri”nin təmsilçisi mövsümlərarası fasilədə “Qarabağ”dan ayrılan Arif Daşdəmirovla ortaq məxrəcə gəlib.
Məsələyə aydınlıq gətirmək üçün klubun mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi bunları deməklə kifayətləndi: “Arif Daşdəmirov transfer siyahımızda olan futbolçulardan biridi. Amma bu gün üçün onunla bağlı yekun qərar verilməyib”.
RƏŞAD