Skarlatake “Traktorsazi” ilə oyundakı mikrozədəsini bəhanə gətirib
Cümə axşamı Maltada “Baltsan”la qarşılaşan və darmadağına məruz qalan “Keşlə”nin sanki geri qayıtmağa üzü gəlmir. Bakılılar dünən adada qalmalı olub. Əslində isə geri dönüş üçün bilet tapılmayıb və komanda bir gün yubanmalı olub. Baxmayaraq ki, klubun Müşahidə Şurasının sədri Zaur Axundov elə oyundan dərhal sonra Bakıya dönə bilib. Komanda isə dünən yerli vaxtla saat 19.00-da Maltanı tərk edərək İstanbula, ordan da bu səhər saat 5-6 radələrində ölkəyə qayıdıb.
Yubanan reaksiyalar
Nədənsə komandada heç kim məğlubiyyətlə bağlı danışmır. Klubun rəsmi saytı və “feysbuk” səhifəsi, ümumiyyətlə, “yatır”. Başa düşürük, uduzan tərəfdə belə refleks olur, üzüntü, xəcalət (varsa) hissi nitqi “lal edir”. Amma üstündən bir gün ötəndən sonra da susqunluqdusa, deməli, mətbuat xidməti də komanda kimi papağını günə yandırır. Bununla belə, həmkarımız Səbuhi Məmmədov səbəbin obyektiv olduğunu deyir: “Oyundan sonra mətbuat konfransı keçirilmədi. Malta tərəfi bunu təşkil etmədi. Futbolçular isə danışmaq istəmir. Onları da başa düşmək lazımdı, üzüntü içindədilər. İnşallah, Bakıya qayıdandan sonra reaksiya öyrənərsiz. Sabah səhər (bu gün) qayıdacağıq, birgünlük istirahətin ardından cavab görüşü üçün məşqlər bərpa olunacaq. Yeni transferimiz Bahodir Nasimov komandaya Bakıda qoşulacaq. Adrian Skarlatake də cavab oyununda komandaya kömək edə biləcək”.
Skarlatake müəmması
Sözsüz, “Keşlə”nin sürpriz yenilgisində Adrian Skarlatakenin yoxluğu əsas rol oynadı. Mərkəz müdafiəçisi “açar” oyunçulardandı, onun oynamaması ilə vacib mövqedə eksperimentə əl atıldı. Bəs rumının adı niyə “11-lik”də, ümumiyyətlə, qarşılaşmanın protokolunda yox idi? Müəmma da elə ordadı. Adrian iyulun 6-da Qızılcahamamda “Traktorsazi” ilə yoxlama matçında rəqib futbolçu ilə toqquşaraq, böyründən xəsarət alıb. Futbolçu dərhal tibbi müayinədən keçirilib. Məsələ burasındadı ki, onda nə çat, nə sınıq, nə də başqa ciddi zədə aşkarlanıb. Bir sözlə, buna mikrozədə də demək olar. Ancaq oyun ərəfəsində baş məşqçiyə yaxınlaşan müdafəçi “ağrılarım var, komandaya kömək edə bilməyəcəm” deyib. Belədə Yuri Maksimov onun adını qarşılaşmanın protokolundan çıxarıb. Hər halda, ciddi zədəsi olmayan futbolçu istəsəydi, canını dişinə tutar və ya iynə hesabına yüngül ağrıdan qurtulub meydana çıxar, yoldaşlarını pis vəziyyətdə qoymazdı. Ümumiyyətlə, mikrozədə bir həftəyə sağalmır? Kim bilir, bəlkə Skarlatakenin ağrısı böyründə yox, qarnındadı? Maksimovun onun adını, ümumiyyətlə, protokoldan çıxarması da çox mətləbdən xəbər verir...
Cavab oyununda rusiyalı hakimlər
Bu arada Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Keşlə” – “Baltsan” matçının təyinatları açıqlanıb. İyulun 19-da keçiriləcək qarşılaşmanı rusiyalı ədalət təmsilçiləri idarə edəcək. “Dalğa Arena”da keçiriləcək görüşdə Mixail Vilkov fit çalacaq. Onun köməkçiləri Aleksey Vorontsovla Vladimir Mineviç olacaq. Dördüncü hakim funksiyasını Aleksey Suxoy yerinə yetirəcək. Oyunun UEFA nümayəndəsi şimali irlandiyalı Krouford Vilson, hakim-inspektor isə ingiltərəli Stefen Lodj olacaq.
MİRAĞA