Çempion iki braziliyalı ilə anlaşdı
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Araz” islahatlar həyata keçirir. Qəzetimizin ötən sayında kapitan Rizvan Fərzəliyevin komandadan göndərildiyini xəbər vermişdik. Naxçıvan təmsilçisi müqaviləsinin müddəti bitən daha bir yerli oyunçu ilə anlaşmanı yeniləməyə ehtiyac duymayıb. Əldə etdiyimiz bilgiyə görə, baş məşqçi Joze Alesio da Silva Ramiz Çovdarovun xidmətinə ehtiyac duymadığından, milli üzvü ilə yollar ayrılıb. Beləliklə, “Araz”da 5 yerli futzalçı qalıb: Rövşən Hüseynli, İsa Atayev, Xətai Bağırov, Oqtay Rüstəmli və Adil İsmayılov. Təbii ki, belədə heyət çatışmazlığı özünü göstərir. Ancaq klub rəhbərliyi gedənlərin yerini legionerlərlə doldurmağa üstünlük verəcək. Transfer çalışmalarını davam etdirən “Araz” Alesionun istəyi ilə iki braziliyalı futzalçıyla anlaşıb. Söhbət Eder Rocerio Rabel Silverio və Riçard Viktor Murilo da Silvadan gedir. 28 yaşlı Eder müdafiəçi, 25 yaşlı Riçard isə hücumameyilli oyunçudu. Hər iki meydan oyunçusu “Marreko”nun üzvüdü. Onların iyulun sonunda “Araz”a qoşulacaqları gözlənilir. Qeyd edək ki, Riçard 2017-ci ildə 13 oyunda 4 qol, 2018-ci ildə isə 10 oyunda 4 qol vurub.
MİRAĞA