Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiya” qarşılaşmasının təyinatları açıqlanıb. İyulun 18-də baş tutacaq oyunu israilli hakimlər idarə edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşmanın baş hakimi Erez Papir olacaq. Onun köməkçiləri David Elias Bittonla Eliyahu Casapu olacaqsa, dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirəcək. Oyuna UEFA nümayəndəsi kimi macarıstanlı Robert Kispal təyinat alıb. Hakim-inspektor vəzifəsi isə albaniyalı Sokol Jareçiyə tapşırılıb.