Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ı qəbul edən “Olimpiya” meydanı 0:1 hesablı məğlubiyyətlə tərk etdi. Buna baxmayaraq, Sloveniya təmsilçisinin 32 yaşlı yarımmüdafiəçisi Rok Kronaveter bu nəticəyə layiq olmadıqlarını söyləyib: “Oyundan sonra baş məşqçi bizə başımızı yuxarı qaldırmağı söylədi. Bu, hər şeyin sonu deyil. “Stoyitse”dəki görüş hələ duelin ilk hissəsidi. Bakıda uğur qazanacağımıza inanmalıyıq. Rəqibin bizə qarşı necə oynadığını gördük. Lyublyanadakı qarşılaşmada planımız onlara yüksək səviyyədə pressinq tətbiq etmək idi. Bunu da həyata keçirdik. Oyuna yaxşı hazırlaşmışdıq, lakin alınmadı. Bizim də fərqlənmək üçün imkanlarımız oldu. 2-3 epizodda qol vurmaq üçün şans əldə etdik. Bunları dəyərləndirmək lazımdı. Kifayət qədər təcrübəli rəqibə qarşı başabaş mübarizə apardıq. Göstərdik ki, topa nəzarət edə bilərik. Ancaq qələbə qazanmadığınız zaman bunların bir önəmi qalmır. Bakıdakı cavab görüşündə daha təhlükəli olmalıyıq. Fikrimcə, sürpriz edə bilərik. Yaşadığımız müddətdə irəliləyəcəyimizə inanırıq”.