“Biz məktubu yazmışıq və səbirsizliklə cavab gözləyirik”
“Xan Lənkəran” ideyası tədricən layihədən gerçəkliyə çevrilməkdədi. Ölkə futboluna dünya praktikasında geniş tətbiq olunan idarəçilik üsulunu gətirən “yaşıllar” qarşıdakı mövsümdən 1-ci divizionda mübarizə aparmaq istəyir. Bunun üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət də edilib. Ancaq çempionatın startınadək bank təminatı başda olmaqla, təşkilati məsələləri yoluna qoymaq lazımdı. İdarə Heyətinin çalışmaları da bu istiqamətdə gedir. Həftəsonu görülən və görüləcək işlərlə bağlı klubun ikinci mətbuat konfransı keçiriləcək. Media nümayəndələriylə ilk görüş bu layihənin tanıtımı məqsədini daşıyırdısa, bu dəfə məşqçilər korpusunun təqdimatı olacaq. Mətbuat konfransı bazar günü “Xətai” metrostansiyasının yanında yerləşən “Dəmirçi Plaza”da baş tutacaq. Tədbir 17.00-da başlayacaq.
Ancaq buna qədər artıq baş məşqçinin kimliyini müəyyənləşdirmişik. Bu indiyədək bir çox klubları çalışdırmış Əfqan Talıbovdu.
Keçək başqa vacib məsələyə. “Xan Lənkəran” harda oynayacaq? Bilirsiz ki, Lənkəranda yeni yaranmış kluba münasibət birmənalı deyil. Bir qism futbolsevər bu klubun AFFA-nın oyuncağı olacağını düşünür və əvvəldən bu layihəyə mənfi münasibət göstərir. Elə yerli İcra Hakimiyyətindən də soyuq rəftar var. Ancaq İdarə Heyəti ruhdan düşmür. Əsas məqsəd ev oyunlarını Lənkəranda keçirməkdi. Bu baş tutmasa, alternativ variantlar üzərində baş sındırılacaq. Bu məsələni həll etmək üçün “Xəzər Lənkəran”a rəsmi müraciət edildiyini bildirmişdik. Yeni yaranmış klub “gəmiçilər”in bazasından icarə əsasında yararlanmaq istəyir. Ancaq ötən sayımızda “Xəzər Lənkəran”ın hüquqşünası Ramil Cahangirov belə müraciətdən xəbərsiz olduğunu söyləmişdi. Məsələyə aydınlıq gətirmək üçün “Xan Lənkəran”ın İdarə Heyətinin sədri Rəsul Şükürsoyla əlaqə saxladıq: “Bazar ertəsi qarşı tərəfə, Hüseyn Cəbrayıloğlunun adına yazılmış rəsmi məktub göndərmişik. Onların məlumatı yoxdusa, poçt qutusunu yoxlasınlar. Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlaya bilmədik. Sonradan öyrəndik ki, məzuniyyətdədi. Ancaq prosedura görə stadionun direktorunun adına məktubu yazmalıyıq. Direktorun səlahiyyət verdiyi başqa şəxs cavab verəcəksə, bu, onların daxili məsələsidi. Biz məktubu yazmışıq və səbirsizliklə cavab gözləyirik. Çünki buna uyğun addımlar atacağıq. Gələn həftədən məşq proqramı müəyyənləşəcək”.
SƏRXAN