“Adımıza yaraşmayan futbol oynadıq”
Matçdan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfrası keçirildi. Öncə jurnalistlər qarşısına "Proqres"in baş məşqçisi Paolo Amodio çıxdı. “Arılar”ın çalışdırıcısı əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü.
- Məncə, bu gün qələbəni haqq etdik. Oyun boyunca düzgün hərəkət etdik. Sıx oynayıb, şansımızı gözlədik. Futbolda da hər zaman şans lazımdı. O, bu gün bizim tərəfimizdə idi. Komandanızın da bir neçə qol imkanı oldu, ancaq yararlana bilmədilər.
- Gözlədiyiniz "Qəbələ"ni gördüz?
- "Qəbələ" haqda danışmaq istəmirəm. Bura hazırlıqlı gəldik və qələbə istəyimizə çatdıq.
- İlk hissədə ehtiyatlı oynadız, fasilədən sonra irəli atıldız. Belə çııxır ki, 45 dəqiqə rəqibi tam tanınmaq üçün bəs etdi.
- Planımız 90 dəqiqə qol şansımızı gözləmək idi. İlk yarıda bir qədər ehtiyatlı oynayıb, fasilədən sonra irəli atılmağı lazım bildik. Onu da qeyd edim ki, ikinci hissənin sonlarına yaxın biz də yorulduq.
- Bu gün "Qəbələ" fiziki cəhətdən zəif idi. Hesab etmirsiz ki, rəqib ikinci oyuna daha hazırlıqlı olacaq?
- Bizim də rəqib kimi bir həftə hazırlaşmağa vaxtımız olacaq. Buna görə narahat deyiləm.
- Artıq özünüzü ikinci mərhələdə hiss edirsiz? Düşünmürsüz ki, cavab matçı daha çox formal xarakter daşıyacaq?
- "Qəbələ"nin gücünü bilirik. İkinci matçda mübarizə sıfırdan başlayacaq.
Qonaqların baş məşqçisindən sonra konfrans zalına “Qəbələ”nin çalışdırıcısı Sənan Qurbanov daxil oldu. Məğlubiyyətə görə üzgün olduğu sifət cizgilərindən görünən mütəxəssis öncə oyunla bağlı fikirlərini söylədi.
- İlk öncə azarkeşlərimizdən üzr istəyirəm. Həm öz, həm də komandam adından. Adımıza yaraşmayan futbol oynadıq. İkinci matçda daha hazırlıqlı olacağıq. Bu, bizim üçün çox ağır bir siqnal oldu. Düzəlməyən bir şey yoxdu, komanda şəklində bu yükün altından çıxa biləcəyik.
- Səfər qarşılaşması üçün necə taktika seçəcəksiz?
- Bizə evimizdə 2 top vurublarsa, biz də bunu etməliyik. İndi isti-isti taktika haqda bir şey deyə bilmərəm. İntizamlı futbol oynamaq şərtilə qol və qollar vurmağa çalışacağıq.
- Bu gün "Qəbələ" ağır təsir bağışladı, temp yox idi. Komandanız sanki qorxaq oynadı. Meydan sahibi kimi irəli getmədiz...
- Rəqibin qapanacağını bilirdik. Oyunçularımıza sürətli futbol oynamağı tapşırmışdım. Bu hər zaman alınmır. Bəli, bu gün meydanda sürət yox idi. Futbolçularımız rahat top itkilərinə yol verdilər.
- İlk 45 dəqiqədə rəqibin necə oynadığını gördüz. Fasilədə niyə dərhal oyununuzda dəyişikliklər, əvəzləmələr etmədiz?
- Fasilədə oyunumuzda düzəlişlər etməyə çalışdım. Bilirdik ki, rəqibdə xətlərarası sıxlıq olacaq və orda top almalıydıq. Sonradan məcburən hücumları cinahlardan qurmağa çalşdıq. Təmkin Xəlilzadə oyuna pis qoşulmadı.
- Yeni transferlərdən ümidlərinizi doğrultmayanlar oldumu?
- Onların potensiallarına bələd olaraq komandaya götürmüşük. Bilirdik ki, qısa müddətdə fontan olmayacaq. Bəzi futbolçuların top qəbulundakı səhvlərindən narazı qaldım. Bu, müəyyən vaxt ərzində yoluna düşəcək.
- Rauf Əliyev hücumda oynamalı idi. Ancaq onun bu qədər geri çəkilməsi yarımmüdafiənin zəif oynamağının nəticəsi idi, yoxsa belə tapşırıq vermişdiz?
- Rauf tək hücumçumuz idi. Onun arxasında Asif Məmmədov idi, ikinci hücumçu kimi oynayırdı. Rauf geri çəkilmişdisə, ön xətdə oynayan başqaları o zonaya getməli idi. Videotəkrardan sonra hər şeyi təhlil edəcəyik.
- İkinci hissədə sol cinahdan hücumlar gördük. Rəqib də bunu bildi. Buna uyğun taktikanız olmalı idi ki, oyunu çevriə biləsiz...
- Rəqibin boş zonaları vardı və ordan hücumlar qurmaq istəyiridk. Sadə top itkiləri varsa, heç bir futboldan danışmaq olmaz. Bu zaman daha çox müdafiə olunmalısan. Rəqib bizim səhvlərdən qol vurdu. Bunlar isə elementar xətalar idi. İkinci oyunda daha yaxşı "Qəbələ" görə biləcəksiz. Bunu indidən sizə söz verə bilərəm.
RƏŞAD, Qəbələ